Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

 

Keçmiş Sivilizasiyalar

Biz onlardan əvvəl neçə-neçə nəsilləri məhv etdik. İndi heç onlardan birini görür, yaxud onlardan bir səs-səmir eşidirsənmi? (Məryəm surəsi, 98)

Allah insanları xüsusi sınaq yeri olan dünyada yerləşdirmiş və tarix boyunca onları xəbərdar edib qorxutmaq, doğru yola dəvət etmək üçün öz elçilərini haqq kitablarla göndərmişdir. Bu gün də Allahın göndərdiyi və möminlər üçün hidayət olan haqq kitab əlimizdədir. Haqqı batildən ayıran, keçmişdə inkar etmiş qövmlərin başlarına gələnlərlə bizləri qorxudan bu kitab Qurandır.

Allah Quranda tarix boyu yaşamış bütün qövmlərə doğru yolu göstərdiyini və onlara elçilər vasitəsilə dünyanın müvəqqəti olmasını, həqiqi məskənin axirət olmasını xatırlatdığını bildirmişdir. Lakin yenə də Qurandan öyrəndiyimizə görə, insanların əksəriyyəti inkar etmiş və elçilərin dəvətini qəbul etməmişdi. Buna görə də Allah onlara heç gözləmədikləri anda əzab vermiş və bir qismini də tamamilə yer üzündən silmişdir. Quranda belə buyrulur:

Biz Adı da, Səmudu da, Rəss əhlini də, həmçinin onların arasında olan bir çox nəsilləri də yerlə yeksan etdik. Biz onların hər biri üçün cürbəcür məsəllər çəkdik, onları yerli-dibli yox etdik. Fəlakət yağışı yağmış şəhərə gəlib çatmışdılar. Məgər onu görmədilərmi? Хeyr, onlar öldükdən sonra yenidən dirilməyə inanmırlar. (Furqan surəsi, 38-40)

Keçmiş sivilizasiyaların başına gələnlərdən bizim almalı olduğumuz ibrət dərsi ayələrdə belə bildirilir:

Məgər özlərindən əvvəl neçə-neçə nəsilləri məhv etdiyimizi görmədilərmi? Onlara yer üzündə sizə vermədiyimiz imkanlar vermişdik. Göydən onlara bol yağış göndərmiş, altından çaylar axıtmışdıq. Biz onları günahlarına görə məhv etdik və onlardan sonra başqa yeni bir nəsil yaratdıq. (Ənam surəsi, 6)

Yenə də bu mövzuda insanları xəbərdar edib qorxudan və düşünüb öyüd ala bilənlərə təsiri olan başqa bir ayə isə belədir:

Biz onlardan əvvəl özlərindən daha qüvvətli neçə-neçə nəsilləri məhv etdik. Onlar: "Görəsən, can qurtarmağa bir yer varmı?" - deyərək ölkə-ölkə gəzib dolaşmışdılar. Şübhəsiz ki, bunda qəlb sahibi, yaxud hazır olub qulaq asan kimsə üçün öyüd-nəsihət vardır! (Qaf surəsi, 36-37)

Yuxarıdakı ayələrdən də gördüyümüz kimi, keçmişdə yaşamış qövmlərlə bağlı verilən xəbərlərin ən mühüm səbəbi bugünkü insanları həmin vəziyyətə düşməkdən çəkindirməkdir. Həqiqətən də əvvəlki qövmlərin başına gələn fəlakətlərə və onlara aid olan arxeoloji qazıntılara yalnız hər hansı bir tarixi məlumat kimi baxmaq səhv olardı. "Biz bunu onlarla bir dövrdə yaşayanlar və sonradan gələnlər üçün ibrət və müttəqilərdən ötrü nəsihət olsun deyə etdik" (Bəqərə surəsi, 66) ayəsində də göstərildiyi kimi, bu hadisələr ibrət və digər insanlar üçün öyüddür. Lakin bunu da nəzərdən qaçırmaq olmaz ki, Allah inkarında israr edən bu qövmlərə dərhal əzabla qarşılıq verməmiş, əksinə, hamısına "bəlkə fikirlərindən daşındılar deyə" elçilər göndərmişdir. Bundan əlavə, Allah dünyada insanların başına gələn çətinliklərin axirətdəki əzabın bir əlaməti olduğunu da Quranda bildirmişdir:

Biz ən böyük əzabdan əvvəl onlara mütləq dünya əzabından daddıracağıq. Bəlkə, qayıdalar! (Səcdə surəsi, 21)

Bu qövmlərin məhv edilməsi isə onların bu xəbərdarlıqları dinləməməsindən, get-gedə daha da azğınlaşmasından sonra baş vermişdir. Allah yolunu azmış belə qövmləri məhv etmiş və onların yerinə yeni xalqlar yaratmışdır. Çünki haqqında danışılan qövmlər Allahın onlara verdiyi zənginlik, gözəl evlər, sənət əsərləri içində Allahı unudaraq günlərini, aylarını, illərini yalnız boş məqsədlərə sərf etmişdilər. Yer üzündə sahib olduqlarının daimi tənəzzülə, süquta uğradığını və köhnəldiyini düşünməmiş, bunlarla Allahın onları sınağa çəkdiyini və qısa müddətdən sonra heç birinin həyatda olmayacağını ağıllarına belə gətirməmişdilər. Ölümdən sonra əbədi yaşayacaqları bir məkanın mövcud olduğunu ağıllarına gətirməyərək yalnız həmin anı yaşamış, ölümlə birlikdə başlayacaq əbədi həyat çox yaxın ikən dünyanı əbədi zənn etmişdilər. Halbuki bu aldanış onlara heç bir fayda verməmiş, başlarına gələn fəlakətlər aradan min illərin keçməsinə baxmayaraq, ibrət olaraq sonrakı nəsillərə ötürülmüş, unudulmayan tarixi hadisə olmuşdur.

SƏMUD QÖVMÜ

Allahın dininə qarşı çıxdıqlarına və azğınlıqlarına görə Allahın məhv edərək yer üzündən sildiyi qövmlərdən biri də Səmud qövmüdür. Quranda bildirildiyinə görə, Səmud qövmü güclü, zəngin və bir çox sənət əsərlərinə malik olan qövm olub. Səmud qövmünün bu xüsusiyyətlərini göstərən ayələr bunlardır:

Allahın sizi Ad tayfasından sonra onun yerinə gətirdiyi, düzlərində qəsrlər tikdiyiniz, dağlarını ovub evlər düzəltdiyiniz yer üzündə yerləşdiyi vaxtı xatırlayın, Allahın nemətlərini yada salın, yer üzündə dolaşıb fitnə-fəsad törətməyin! (Əraf surəsi, 74)

Başqa bir ayədə isə Səmud qövmünün yaşadığı mühit belə təsvir edilir:

Məgər siz elə burada onların içində arxayınlıqla qalacaqsınız? Bağlar və çeşmələr içində, əkinlər və lətif çiçəkli xurmalıqlar içində! Dağlardan məharətlə evlər yonub düzəldəcəksiniz? (Şuəra surəsi, 146-149)

Allah yaşadıqları gözəl həyat şəraitində yolunu azan Səmud qövmünü əbədi əzab həyatı ilə xəbərdar edib qorxutmaq üçün hz.Salehə elçi vəzifəsi vermişdir. Hz.Saleh öz qövmü arasında tanınan biri olmuş və o, qövmünü azğınlıqdan xilas olmağa çağırdığı zaman qövmü çaşqınlığa düşmüşdü. Хalqın çox az bir qismi Saleh peyğəmbərin çağırışına tabe olmuş, əksəriyyət isə onu qəbul etməmişdi.

Hz.Salehi inkar edənlərin başında qövmün tanınmış adamları dayanırdı və bu insanlar əllərində olan maddi gücə əsaslanaraq peyğəmbərlərinə qarşı düşmən münasibəti göstərirdi. Onlar hz.Salehə tabe olanları zəiflətməyə və onlara təzyiq göstərməyə başladılar. Hz.Salehin onları Allaha ibadət etməyə çağırmasından qəzəblənib ona nifrət edirdilər. Bu nifrət əslində yalnız Səmud xalqına xas deyildi. Səmud qövmü ondan əvvəl yaşamış Nuh və Ad qövmlərinin səhvini təkrar edirdi. Buna görə də Quranda bu üç qövmdən belə bəhs edilir:

Məgər səndən əvvəlki Nuh, Ad, Səmud tayfalarının və onlardan sonra gəlib getmiş, ancaq Allahın bildiyi ümmətlərin xəbərləri sizə gəlib çatmadımı? Peyğəmbərləri onlara açıq-aşkar möcüzələrlə gəlmişdilər. Onlar əllərini ağızlarına qoyub: "Biz sizinlə göndərilənlərə inanmırıq və bizi dəvət etdiyiniz barəsində də möhkəm bir şəkk-şübhə içindəyik!" -demişdilər. (İbrahim surəsi, 9)

Səmud qövmü Saleh peyğəmbərə qarşı çıxmaqda israr edirdi, hətta onu öldürmək üçün plan da qururdu. Saleh peyğəmbər isə dünyanın müvəqqəti bəzəklərinə aldanaraq bunların əbədi olduğunu zənn edən Səmud qövmünün tanınmış üzvlərini belə xəbərdar edirdi: "Məgər siz elə burada olanların içində arxayınlıqla qalacaqsınız?" (Şuəra surəsi, 146). Həqiqətən də bu qövm Allahın əzabından xəbərsiz olaraq həddini aşmışdı. Hz.Salehə "Ey Saleh! Əgər sən həqiqi peyğəmbərlərdənsənsə, bizi qorxutduğun əzabı gətir görək!" (Əraf surəsi, 77) deyəcəkləri şəkildə inkarçılıqda və təkəbbürdə həddi aşan bu qövmə hz.Saleh Allahın ona vəhy etməsi ilə bu qövmün üç gün ərzində məhv olacağını bildirmişdi (Hud surəsi, 65).

Belə ki, hz.Salehin bu xəbərdarlığı həqiqətən də baş vermiş və Səmud qövmü məhv edilmişdi:

O zülm edənləri qorxunc bir səs bürüdü və evlərində diz üstə çöküb qaldılar. Sanki onlar heç yaşamamışdılar. Bilin ki, Səmud tayfası Rəbbini inkar etmişdi. Хəbəriniz olsun ki, Səmud tayfası kənar oldu! (Hud surəsi, 67-68)

Yer üzündə yaşayan hansı qövm olursa olsun, tarix boyu böyük zənginlik və şöhrətə sahib olmalarına baxmayaraq, yolundan azdıqları təqdirdə Allahın əzabına düçar olmuşlar. Bu gün Səmud qövmündən, peyğəmbərlərini öldürəcək qədər yolundan azmış insanların əldə etdiyi mal-dövlətdən, gücdən əsər-əlamət yoxdur. Hal-hazırda adları belə məlum olmayan insanların həyatı digər inkarçılar kimi cəhənnəm həyatı ilə sona çatmışdır. Hər bir insan bundan ibrət alaraq düşünməlidir.

SƏBA ХALQI

Səba xalqından Quranda belə bəhs edilir:

Səba yurdunda bir nişanə var idi. Sağdan və soldan iki bağça var idi. Səba əhlinə belə buyurulmuşdu: "Rəbbinizin ruzisindən yeyin və ona şükr edin. Yurdunuz gözəl bir diyar, Rəbbiniz də bağışlayan bir Rəbbdir!" lakin onlar üz döndərdilər, biz də üstlərinə ərim selini göndərdik. Onların iki bağçasını acı meyvəli, yulğun ağacları və bir az da sidr ağacı olan iki bağçaya çevirdik. Onları nankorluqlarına görə belə cəzalandırdıq. Biz heç nankordan başqasına cəzamı verərik? (Səba surəsi, 15-17)

Ayələrdən məlum olduğu kimi, Səba xalqı çox bərəkətli olan bağ-bağatlı yerlərdə yüksək həyat tərzi keçirirdi. Bu qədər nemətin əvəzində Allah onlardan yalnız Ona şükür etmələrini istəyirdi. Lakin onlar Allahı inkar etdilər, dünyada üstün gücə malik olduqlarını zənn edib əllərində olanlarla lovğalandılar, təkəbbür göstərdilər. Nəticə isə labüd əzab oldu.

MÖHTƏŞƏM ŞUMERLƏR

"İraqın cənubunda Dəclə və Fərat sahillərindən uzaqlaşan kimi səhranı xatırladan geniş sahələrə rast gəlmək olar. Bu ucsuz-bucaqsız düzlərin bəzi yerlərində heybətli təpələr görünür. Çünki qumla örtülü olan bu təpələrin altında böyük şəhərlərin qalıqları var. Bu şəhərlər şumerlər adlandırılan xalq tərəfindən salınmışdı. Artıq quru səhra küləklərinin qabağına qatıb qovduğu qumlardan başqa heç bir şey gözə çarpmayan, yalnız çaqqalların və qartalların yaşadığı bu yerlərdə 45 əsr əvvəl kanallarla təchiz olunmuş, bağçalarla bəzədilmiş göz oxşayan şəhərlər ucalırdı. Bu gün isə burada bir ölüm sükutu hökm sürür..."

Yuxarıdakı cümlələr məşhur arxeoloq Qay Raxtın sözləridir. Yalnız tarix kitablarında bir mövzu kimi xatırladılan bu möhtəşəm ölkə əslində bugünkü cəmiyyətlər qədər həqiqətdir. O dövrün insanları da bizim kimi yaşamış, möhtəşəm memarlıq abidələri ilə seçilən şəhərləri qurmuşdular.

Bu dövrün kraliçası Puabi üçün keçirilən cənazə mərasimi olduqca diqqətçəkici idi. Bu mərasimlə bağlı müxtəlif mənbələrdə məlumatlar verilir. Kraliçanın cəsədinin misilsiz möhtəşəmliklə bəzədildiyi, bədəninin üzəri qızıl və gümüş muncuqlarla, lacivərd daşı, qırmızı əqiq, kadiköy daşı, babakoru kimi qiymətli daşlarla, mirvarilərlə bəzənmiş örtüklə örtüldüyü, örtüyün ucundakı saçaqların elə həmin daşlardan hazırlanmış mirvarilərdən ibarət olduğu bildirilir. Bundan əlavə, kraliçanın başına ağır parik, onun üstünə də tac yarpaqları mavi və dərin oymalarla bəzədilmiş, təmiz qızıldan hazırlanan çiçəklərdən vələs və söyüd yarpaqlarından başlıq taxıldığı da məlum olur. Qulaqlarını bəzəyən sırğalarda, ölünün yanına qoyulmuş ləl-cəvahiratda, saç sancaqlarında və bəzəkli başlıqlarda qızılın parıldadığı nəql edilir.

Qısası, Şumer mədəniyyətində məşhur ad olan kraliça Puabi möhtəşəm cənazə mərasimi və cənazə ləvazimatları ilə birlikdə basdırılmışdır. Deyilənlərə görə, cənazə ilə birlikdə məzara qoyulan digər xəzinələr silahlı mühafizəçilər və xidmətçilər tərəfindən zorla daşınacaq qədər çox idi.

Lakin onun məzara xəzinələri ilə birlikdə qoyulması kraliça Puabini skelet şəklinə düşməkdən qoruya bilməmişdi. O da başqa insanlar kimi, hətta bəlkə də qiymət vermədiyi, xor baxdığı yoxsul və zəif insanlar kimi torpağın altına getmiş, orada çürüyərək bədəni bakteriyalara yem olmuşdu. Kraliça Puabinin bu vəziyyəti bir insanın nə qədər zəngin və möhtəşəm həyat tərzi keçirirsə keçirsin, mal-dövlətinə nə qədər güvənirsə güvənsin, sonda bunların heç bir fayda verməyəcəyini göstərən ibrətdir.

KRİT MƏDƏNİYYƏTİ

Avropanın ilk ən böyük mədəniyyəti olan Krit miladdan əvvəl XIV əsrin əvvəllərində birdən-birə məhv olub. Bundan əvvəl Aralıq dənizinin ən gözəl yerlərindən biri olan Krit adasında miladdan 2000 il əvvəl Asiya və Yunanıstandan gələn insanlar məskunlaşmış və burada möhtəşəm saraylar ucaltmışdılar. Lakin buradakı xalqın ən cəlbedici xüsusiyyətlərindən biri onların azğın əyləncə anlayışına malik olmalarıdır. Allah onların bu azğınlıqlardan xilas olması, axirəti xatırlaması üçün bəzi hallarda onlara kiçik zəlzələlərlə xəbərdarlıq etmişdi. Lakin sonra böyük bir fəlakət baş vermiş, Kritin şimalındakı Kayklades adalar qrupuna aid olan Tera adasında vulkan püskürmüş, bu qorxulu püskürmə nəticəsində Krit saraylarını yerlə-yeksan edən şiddətli zəlzələ meydana gəlmişdi.

Vulkanın külü Kritə qədər bütün göy üzünü qaranlığa qərq edib uçulan sarayların üzərinə çökdüyü zaman Knososun limanı olan Amnisosu sulara qərq edən misli görünməmiş dəniz qabarması baş vermişdi. Krit saraylarının uçması həqiqətən də tükürpədici şəkildə baş vermiş, nəhəng dalğa sahil şəhərlərini bir anda sulara qərq etmişdi.

Bir çox cəhətlərdən dövrünün ən mühüm mədəniyyətlərindən biri olan Krit sivilizasiyası onu belə bir taleyin gözlədiyini ağlına belə gətirə bilməzdi. Bir-birinin ardınca baş verən fəlakətlər o möhtəşəm tikililəri tamamilə məhv etmiş, demək olar ki, bütün insanların həlak olmasına səbəb olmuşdu. Bundan sonra isə nə zənginlikləri ilə öyünən insanlar, nə onların öyündükləri zənginliklər, nə də əbədi hesab etdikləri həyat qalmamışdı. Yerdə qalanlar isə yalnız xarabalığa çevrilmiş şəhər və artıq mövcud olmayan mədəniyyət idi. Quranda insanların bu köhnə mədəniyyətlərdən ibrət almasının vacibliyi belə bildirilir:

Məgər onlar indi yurdlarında gəzib dolaşdıqları özlərindən əvvəlki neçə-neçə nəsilləri məhv etdiyimizi görmürlərmi? Həqiqətən, bunda ibrətlər vardır. Məgər eşitməyəcəklər? (Səcdə surəsi, 26)

POMPEY FACİƏSİ

Tarixçilərin bildirdiyinə görə, təxminən 2000 il bundan əvvəl Pompeydə həyat çox rəngarəng idi. Çünki qədim dünyada bəzi şəhərlər zövq və səfanın hökm sürdüyü şəhərlər kimi tanınırdı. Pompey də bunlardan biri idi. Hal-hazırda yalnız xarabalıqları qalan Pompeyin küçələrində çoxlu meyxanə, taverna və görüş evləri var idi.

Vezuvi dağının yamacları bağlarla örtülmüşdü. Pompey də bu yamaclarla dəniz arasında qurulmuş və əsasən varlı romalıların xoşladığı məkan idi. Buna yaxın vilayət olan Herculanum da eyni şərait hökm sürürdü. Lakin tarixin ən məşhur vulkan püskürmələrindən biri bu gözəl yerlərin varlığına son qoydu. Bu gün vulkan lavaları ilə "daşlaşmış" Roma həyatı bütün incəliyi ilə görünür.

Bu fəlakət 79-cu ilin 24 avqust səhərində baş verdi. Pompeydə onun əhalisindən başqa bura yayda dincəlməyə gələn varlı romalılar, Herculanum və Vezuvinin ətəklərində tikdikləri möhtəşəm evlərdə yaşayan digər insanlar da var idi.

Vezuvi vulkanı qəfildən püskürdü. Bundan əvvəl yer titrəmiş, dağdan göy gurultusuna bənzər, uzaq və boğuq gurultular eşidilmişdi. Aparılan tədqiqatlara görə, alovlar havaya sütun şəklində yüksəlir, daha sonra isə əzəmətli duman əmələ gəlirdi. Sonra isə yenə püskürmələr havaya qalxır və küldən, daş-torpaqdan və lava yığınlarından ibarət olan təbəqə şəhərin üstünə yağırdı. Herculanumlular Vezuviyə daha yaxın olduqları üçün şəhərə doğru dalğa şəklində gələn yanar közə bənzər palçıq axınını görərək qorxuya düşmüş və qaçmağa çalışmışdılar. Lakin qaça bilməyənlər dağıntıların və ərimiş lavanın altında qalmışdı. Qazıntılardan əldə edilən məlumatlara görə, ən maraqlısı əksər insanların şəhərdən çıxmaq istəməməkdə inad göstərməsi idi. Pompeylilər öz şəhərlərinin kraterdən uzaq olmasına əmin olmuş, buna görə də varlıların çoxu bu küldən xilas olmaq üçün evlərində qalıb qorunmağı düşünmüş, mal-mülklərini qoyub getmək istəməmişdi. Bir müddət sonra isə artıq çox gec olduğunu düşünməyə də macal tapmadan məhv olmuşdular. Bir günün içində iki şəhər - Pompey, Herculanum və aşağı qəsəbədə yaşayan bütün canlılar tarixdən silindilər. Quranda bu şəkildə məhv edilən insanlardan belə bəhs olunur:

Bu, məhv olmuş məmləkətlərin xəbərlərindəndir ki, sənə söylədik. Onların bəzisindən əsər-əlamət qalmış, bəzisi isə yerlə yeksan olmuşdur. (Hud surəsi, 100)

Bəşər tarixi isə bütün bunları çox əsrlər sonra bildi. Aparılan tədqiqatlar nəticəsində Pompeydəki qədim şəhər "canlı ikən donmuş şəkildə" ortaya çıxarıldı. İnsanlar can verdikləri halda daşlaşmışdılar. Quranda da bildirildiyi kimi:

Rəbbin zülmkar məmləkətləri əzabla yaxalayanda belə yaxalayar. Onun cəzası, doğrudan da, ağrılı-acılıdır, şiddətlidir! (Hud surəsi, 102)

Yüz və hətta min illər bundan əvvəl mövcud olmuş mədəniyyətlərin özlərindən sonra çoxlu əsər qoyub getməsi əllərində olan zənginliyin onlara heç bir fayda verməyəcəyini göstərmiş, özlərindən sonra qoyduqları hər şey sonrakı nəsillərə miras qalmışdır. Bu cəmiyyətlərdə yaşamış insanların bəlkə də ən böyük səhvi özlərindən əvvəl yaşayıb məhv olmuş cəmiyyətlərin mövcudluğuna baxmayaraq, dünya nemətlərinə əbədi sahib olacaqlarını zənn etmələri və yaratdıqları əsərlərin onlara əbədi həyat qazandıracağını güman etmələridir. Bu səhv bugünkü dövrə də yad deyil. İnsanların əksəriyyəti faydalı olmaq düşüncəsi ilə bütün ömürlərini mal-dövlət toplamağa sərf edir, özlərinin ölümdən sonra da xatırlanmaları üçün müxtəlif əsərlər yaradırlar. Bundan əlavə, onlar belə məsələlərdə hədlərini özlərindən əvvəlkilərdən daha çox aşır və Allahdan onlara gələn xəbərdarlıqlara əhəmiyyət vermirlər. Lakin belə insanlar bu həqiqəti də bilməlidir ki, bir zaman mövcud olub sonradan məhv olan bu cəmiyyətlərin özlərindən sonra qoyduqları onlar üçün böyük ibrət dərsidir.

Onların heç biri əbədi olaraq dünyada qalmamışdır. Adlarını əbədiləşdirmək üçün özlərindən sonra əsərlər qoyub gedən insanların bir qisminin adları bəlkə də qalır. Lakin bu, onların çürümüş bədənlərinə və axirətlərinə heç bir fayda vermir. Bu əsərlər öyüd alıb düşünə bilənlər üçün ibrət və Allahın çətin əzabının bir əlaməti kimi qalır.

Beləliklə, Allah insanlara bu nümunələri verir, bununla da dünyaya ehtiraslı bağlılığı olan insanları xəbərdar edir. Şübhəsiz ki, bundan öyüd alıb nəticə çıxaran insanlar tarix boyu meydana gələn heç bir hadisənin boş yerə yaradılmadığını, Allahın hər yerdə və hər an insanlar üçün bundan da şiddətli fəlakətlər törətməyə gücünün çatdığını dərk edirlər. Dünya yalnız imtahan yeridir. Burada imtahanın tələblərini yerinə yetirənlər qalib gəlir. Yalnız dünyanı məskən hesab edənlər keçmişdəkilərin başına gələn fəlakətlərə məruz qalacaqlar. Şübhəsiz ki, bu da öz əməllərinin əvəzidir. Axirətdə onlara yalnız əməllərinin əvəzi veriləcək. Təbii ki, ən doğrusunu Allah bilir.

 
     
 

 

© 2012 www.dunyaheyati.com

Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə müəllif hüququ ödəmədən isifadə edə bilərsəniz.