Dünyanın Aldadan Bərbəzəyi
Bir çox insanın həyatı boyu nail olmaq istədiyi və bunun üçün əmək sərf etdiyi bir neçə hədəf var. Var-dövlət, etibar, həyat yoldaşı, uşaq kimi maddi və mənəvi dəyərlər bu insanlar üçün dünyanın dəyişməyən bəzəkləridir. Yerinə yetirilən planlar, fəaliyyətlər bu dəyərlərə malik olmaqdan ötrüdür. İnsanlar bütün bunların müvəqqəti olduğunu, dünyadakı hər şeyin öz dəyərini itirdiyini, köhnəldiyini, yox olduğunu bildikləri halda, bunlardan uzaq ola bilməzlər. Malın köhnələcəyini, torpaqların hər zaman əvvəlki bərəkətə malik olmayacağını, çox dəyər verdikləri həyat yoldaşlarının bir gün yaşlanıb gözəlliklərini itirəcəklərini və ən əsası da hər bir insanın bütün sahib olduqlarından bir gün ayrılmaq məcburiyyətində qalıb dünyadan köçəcəyini bilsələr də bu ehtiraslarını davam etdirirlər.
Belə insanlar öldükdən sonra bütün ömürlərini yalnız nə isə əldə etmək üçün sərf etdiklərini, dünyanın təsiredici və onları sehrə salan bəzəklərinə aldandıqlarını, ölümlü olan hər şeyə hədsiz dəyər verdiklərini dərk edəcəklər. Dünyadakı vəzifələrinin yalnız sahib olduqlarını güman etdikləri, lakin əslindəhaqq iddia edə bilməyəcəkləri hər şeyin yeganə sahibi Allaha qulluq etmək olduğunu görəcəklər.
İnsanların dünyadakı bu bağlılığı Quranda belə ifadə edilir:
Qadınlar, uşaqlar, qızıl-gümüş yığınları, yaxşı cins atlar, mal-qara və əkin yerləri kimi nəfsin istədiyi və arzuladığı şeylər insanlara gözəl göstərilmişdir. Bunlar dünya həyatının keçici zövqüdür, gözəl dönüş yeri isə Allah yanındadır. (Ali-İmran surəsi, 14)
Sərvət, həyat yoldaşları, oğul-uşaqlar, ticarət kimi dünyaya aid olan bütün dəyərlər Allahı və axirəti unudaraq yalnız bunlar üçün yaşayan insanları aldadır. Halbuki Allahın gücünü və böyüklüyünü lazımınca qiymətləndirə bilsələr, dünyaya aid olan hər şeyin bir imtahan vasitəsi olduğunu da görəcəklər. Vəzifələrinin də bütün bu nemətləri verən Allaha qulluq və şükür etmək olduğunu dərk edəcəklər. Lakin iman gətirməyən insanlar ehtirasla dünyaya bağlı olduqlarına görə olduqca qüsurlu olan dünyanı ona aid olan hər bir dəyərlə birlikdə gözlərində böyüdürlər.
Allah axirətdə daha xeyirlisini və daha üstününü insanlara verəcəyini vəd etdiyi və bu gözəlliyə qovuşmaq üçün yalnız Ona lazımi qədər qulluq edilməsini, yalnız Öz rizasının əsas alınmasını əmr etdiyi halda, insanların bundan üz çevirib dünyaya meyil etməsi çox təəccüblüdür. Halbuki bir insan dinsiz və inancsız da olsa, ən azı öləndən sonra dirilməehtimalı onu ağıllı davranmağa məcbur etməlidir.
Möminlər isə bunun ehtimal deyil, həqiqət olduğunu bilirlər. Bunu şüurlu şəkildə bildiklərinə görə də bütün həyatlarını cəhənnəm ehtimalından uzaq olub cənnəti əldə etmək üçün çalışmaqla keçirirlər. Çünki yalnız dünyadakı mənfəətləri və zövqləri üçün çalışan insanların axirətdə düşəcəyi vəziyyət və ruh düşkünlüyünün çox acı olacağını bilirlər. Dünyada yığdığı mallar, məsələn, topladığı qızıllar, banklarda olan pulları, evləri, torpaq sahələri, avtomobilləri axirətdə xilas olmaq üçün kifayət etməyəcək. Çox güvəndiyi ailəsi və yaxın dostları onu orada qorumayacaq, hətta ondan üz çevirəcəklər. Lakin bütün bu həqiqətlərə baxmayaraq, insanların çoxu yaşadıqları həyatı alternativsiz görür, ona kor-koranə bağlı olur və axirəti unudur. Bu həqiqət Quranda belə bildirilir:
Çoxluq (mal-dövlət, oğul-uşaq və qohum-əqraba çoxluğu) ilə öyünmək sizi o qədər şirnikləndirdi ki, hətta qəbirləri ziyarət etdiniz. (Təsakür surəsi, 1-2)
Bura qədər bəhs etdiyimiz bərbəzək və cazibədarlıq əlbəttə ki, dünyadakı imtahanın sirridir. Allah dünyada insanlara verdiyi bütün imkanları çox gözəl və bəzəkli yaratmışdır. Lakin bu o qədər zəif, müvəqqəti və qısadır ki, insanlar arada olan fərqi görə bilsinlər. Belə ki, sirr burada gizlənir. Dünya həqiqətən də Allahın şəninə uyğun olaraq çox gözəl, rəngarəng və möhtəşəmdir. Əlbəttə ki, burada yaşamaq, ondan zövq almaq bir nemətdir və bunu Allahdan istəmək lazımdır. Lakin bu dünya həyatı Allah rizasından və axirətdən heç vaxt üstün deyil. Buna görə də insanlar bunlardan istifadə etdikləri zaman həqiqi məqsədlərini əsla unutmamalıdır. Allah insanları bu baxımdan xəbərdar etmişdir:
Sizə verilən hər hansı bir şey ancaq bu fani dünyanın malı və bərbəzəyidir, Allah yanında olan isə daha yaxşı və daha baqidir. Məgər başa düşmürsünüz?! (Qasəs surəsi, 60)
Bəzi insanlar dünya dəyərlərinə bağlanır və axirəti unudur. Bundan əlavə, onların düşünmədiyi mühüm məqam da var. Bağlı olduqları dəyərlər, sahib olmaq istədikləri bəzəklər onlara dünyada həqiqi xoşbəxtliyi vermir. Bunun əsas səbəblərindən biri insanın tükənməz ehtirası və hər zaman daha artığını istəyən nəfsidir. İnsanların üstünlük verdiyi şeylərin ən yaxşısını əldə etməsi bu dünyanın şərtləri çərçivəsində mümkün deyil. Onlar nə qədər yaxşısını əldə etsələr də mütləq bilməlidirlər ki, ondan da yaxşısı, daha üstünü, daha gözəli var. Buna görə də bu dünya qətiyyən insanın ruhunun həqiqi rahatlığı və razı qalacağı yer deyil.
HƏQİQİ ZƏNGİNLİK BU DÜNYADADIRMI?
Bəzi insanlar elə güman edirlər ki, dünyadakı həyatlarının ideal və onları razı salacaq şəkildə olması onların çalışmalarından asılıdır. Düşünürlər ki, bu da kifayət qədər maddi imkan əldə etməklə mümkündür. Beləliklərahatlıqla xoşbəxtliyə nail olacaq, insanların gözündə etibar qazanacaq, həyatlarını rahatlıqla davam etdirəcəklər. Halbuki bütün ömürlərini yalnız bunları əldə etmək və itirməmək üçün sərf edən insanlar əslində böyük səhv edirlər. Çünki həyatlarını yalnız dünyadakı rahatlıqlarını düşünərək keçirir, həqiqi və əbədi olan axirət həyatını isə tamamilə unudurlar. Ən əsas vəzifələri Allaha quluq etmək olduğu halda, dünyaya aldanır, sahib olduqları bütün zənginlikləri onlara verən və onları yaradan Allaha şükr etmələri lazım olan halda, Allahı unudur və yalnız insanları razı salmaq üçün çalışırlar.
Halbuki Allah dünyada olan dəyərlərin müvəqqəti olmasını, əhəmiyyətsizliyini və aldadıcı olmasını insanlara bildirmişdir:
Bilin ki, dünya həyatı oyun-oyuncaq, bərbəzək, bir-birinizin qarşısında öyünmək və mal-dövləti, oğul-uşağı çoxaltmaqdan ibarətdir. Bu elə bir yağışa bənzəyir ki, onun yetişdirdiyi bitki əkinçilərin xoşuna gələr. Sonra o quruyar və sən onun saralıb solduğunu, daha sonra çör-çöpə döndüyünü görərsən. Dünya malına aldananları axirətdə şiddətli əzab, dünya malına uymayanları isə Allahdan bağışlanma və razılıq gözləyir. Dünya həyatı aldanışdan başqa bir şey deyildir. (Hədid surəsi, 20)
Bir çox insanın səhvi axirəti uzaq görməsi və ya heç inanmaması, dünyanı ondan üstün hesab etməsidir. Bu insanlar əldə etdiklərini heç vaxt itirməyəcəklərini güman edirlər. Bu təkəbbürlərinə görə də Allahdan və onun vəd etdiklərindən üz çevirərək cahillik göstərirlər. Belə insanları və onların sonunu Allah Quranda belə tərif edir:
Bizimlə qarşılaşacaqlarına ümid etməyən, dünyanı bəyənib ona bel bağlayan və ayələrimizdən qafil olanların - məhz onların qazandıqları günahlara görə düşəcəkləri yer cəhənnəmdir! (Yunus surəsi, 7-8)
Belə ki, belə ruh halının nümunələrinə tarix boyunca çox rast gəlinib. Keçmişdə kralların, hökmdarların, fironların bir çoxu əldə etdikləri zənginliklərin onları əbədi edəcəyini hesab etmiş, hətta mallarının bir qismini özləri ilə birlikdə məzara basdırmışdılar. Zənginlikdən üstün dəyər olduğunu heç ehtimal da etməmişdilər. Bunları görən insanlar da bunun həqiqət olduğunu güman etmiş və bunları doğru saymışdılar. Halbuki dünyada zövq-səfa içində yaşayan kimi görünən bu insanların sonu heç də istədikləri kimi olmamışdır. Allah Quranda bu insanlarla bağlı belə buyurur:
Məgər elə zənn edirlər ki, onlara verdiyimiz var-dövlət və övladla biz onların yaxşılıqlarına tələsirik? Хeyr, anlamırlar! (Muminun surəsi, 55-56)
Nə malları, nə də oğul-uşağı səni təəccübləndirməsin. Allah onlarla ancaq münafiqlərə dünyada əzab vermək, kafir olduqları halda, canlarını almaq istər. (Tövbə surəsi, 55)
Lakin bu insanlar çox mühüm həqiqəti yaddan çıxarmışdılar. Bütün zənginliklər və həqiqi dəyər verilməli olan hər şey yalnız Allaha məxsusdur. Mülkün həqiqi sahibi olan Allah istədiyi insana öz mülkündən pay verir. Verdiklərinin əvəzində isə yalnız insanların ona şükr etməsini və lazımınca qulluq etməsini istəyir. Belə ki, Allahın verdiyi zənginliyi də Allahdan başqa heç kim ala bilməz və malı-mülkü əlindən alınana da heç bir insan kömək edə bilməz. Bütün bunlar Allahın dünyada yaratdığı sınaq şəraitinin bir parçasıdır. Ağıllı və şüurlu mömin bunları bilir. Onu yaradan və Ona hesab verəcəyini unudan insan isə bundan tamamilə qafildir:
Allah istədiyi bəndənin ruzisini bol da edər, azaldar da. Onlar dünya həyatı ilə sevindilər. Halbuki dünya həyatı axirət həyatı ilə müqayisədə çox cüzi (əhəmiyyətsiz) bir şeydir. (Rəd surəsi, 26)
DÜNYADAKI ZƏNGİNLİK VƏ ETİBAR HƏQİQƏTƏN ƏHƏMİYYƏTLİDİRMİ?
Bir çox insanlar dünyada qüsursuz həyat quraraq olduqca ideal həyat keçirə biləcəklərini güman edirlər. Onların fikrincə, xəyal etdikləri zənginliyə sahib olduqdan sonra xoşbəxt olacaq, istədikləri etibarı qazanacaq, bu da həyatlarının sonuna qədər belə davam edəcək. Halbuki Allahı və axirəti unudan bir insan heç vaxt istədiyi kimi, xəyalında tutduğu kimi yaşaya bilməz. Çünki ilk istədiyinə nail olduğu zaman daha yaxşısını və artığını istədiyini dərk edir. Belələrinin pulu olur, amma bununla kifayətlənmir, daha da artığını qazanmaq üçün çalışır. Evi olsa da bəyənmir, mütləq xoşuna gələn bir ev görüb onu almağa çalışır. Hər il dəyişən zövqlərinə görə evinin içini də, öz paltarlarını da bəyənmir, həmişə daha gözəl mebellərin və geyimlərin xəyalı ilə yaşayır. İnkarçı insanın bu halı aşağıdakı ayədə açıq şəkildə təsvir edilir:
Məni öz yaratdığım kimsə ilə tək burax! Mən ona bol mal-dövlət əta etdim. Yanında hazır duran oğullar verdim. Ona artıqlaması ilə müyəssər etdim. Bütün bunlardan sonra yenə də artırmağımı istəyir. (Muddəssir surəsi, 11-15)
Şüurlu insan belə düşünməlidir: ən çox evi olan, ən bahalı avtomobilləri ala bilən, ən çox geyimi olan, qısası, ən varlı insanın da yaşayacağı ev, istifadə edəcəyi avtomobil, yeyəcəyi yemək, yatacağı yataq, geyinəcəyi paltar çox məhduddur. Dünyanın ən böyük saraylarında olan insan eyni anda ən çoxu neçə otaqda yaşaya bilər və ya ən gözəl geyimlərə malik olan insan eyni anda neçə geyimi üst-üstə geyinə bilər? Bu insanların həyatlarına baxdığımız zaman görürük ki, onlarla otaqdan ibarət olan malikanələri olsa da eyni anda bütün otaqlardan istifadə etməyəcəkləri üçün ən çoxu bir otaqda yaşayırlar. Dolablarla geyimləri olsa da onların yalnız birini geyinirlər. Allahın yaratdığı minlərlə nemətə sahib olsalar da ən çoxu 2-3 qab yemək yeyə bilirlər, bundan artığını yemək istəsələr, bu, onlar üçün işgəncə olar...
Şübhəsiz ki, bu misalları artırmaq da olar. Lakin bunların ən təsirlisi insanın malının, mülkünün "kef-damağını yaşaya biləcəyi" ömrünün qısa olması həqiqətidir. Hər insan sürətlə qaçılmaz olan sona doğru gedir. Lakin bəzi insanlar həyatları boyunca bu həqiqəti dərk etmir və Quranda bildirildiyi kimi, "mal-dövləti onu əbədi yaşadacaq" (Huməzə surəsi, 3) deyə güman edirlər. Onlar bu yanlış inanca elə kor-koranə bağlanıblar ki, hətta axirətdə Allahın hüzurunda əzabı gördükləri zaman da sahib olduqlarını fidyə kimi verməyə çalışaraq xilas olmaq istəyəcəklər, lakin bütün bunlar əlbəttə ki, çox gec olacaq və bundan sonra verəcəkləri heç bir şey qəbul edilməyəcək:
Onlar bir-birinə göstəriləcəklər. O günün əzabından qurtarmaq üçün günahkar istərdi ki, fəda etsin öz oğullarını; övrətini və qardaşını; ona sığınacaq verən əşirətini! Və yer üzündə olanların hamısını - təki özünü qurtarsın! Хeyr. Həqiqətən, o alovlu atəşdir. (Məaric surəsi, 11-15)
Halbuki bütün zənginliyin sahibinin Allah olduğunu, dünyada olan malın və etibarın yenə də dünyada qalacağını bilən insanlar dünyaya heç vaxt meyil etməzlər. Belə insanlar sahib olduqları zənginliyə görə heç vaxt yollarını azmır, Allahı unutmur, verilən bütün nemətlərə şükür edərək çalışır, özlərinə verilənlərlə kifayətlənirlər. Allah dünyadakı dəyərlərə ehtirasla bağlı olmayan bu insanlara şərəfli və rahat həyat tərzi vəd edir. Allahı lazımınca təqdir edən və ona güvənən bu insanlar dünyanın müvəqqəti olmasını, mal-dövlətin və mənsəblərin dünyada yalnız kiçik fayda və mənfəət verdiyini, onların axirətdəki əbədi həyatla müqayisədə çox az dəyərinin olduğunu bilirlər. Bunu düşünən insan mal sahibi olsa da bundan haqsızlıq etmək və insanları əzmək üçün istifadə etməz. Bu zənginliyi onu dünyaya bağlanmaqdan daha da uzaqlaşdıracaq, onun Allaha olan inamını və şükrünü artıracaq. Belə insanlar heç kimin haqqını yeməz və tapdalamaz, Allahın ona verdikləri ilə hər zaman yaxşı işlər görməyə çalışar. O, etibarın və əsl tərifin Allah dərgahında olduğunu bilir, buna görə də dünyada maddiyyatın ardınca düşməkdənsə onu axirətdə əsl zənginliyə qovuşduracaq əxlaqın ardınca gedir və onu yaşayır. Belə ki, bu mövzuda bizim üçün ən mühüm misal hz.Süleymanın davranışıdır. Çox böyük mal-mülk və zənginliyə sahib olan hz.Süleyman bu zənginliyi nə məqsədlə tələb etdiyini "... mən bu atları Rəbbimin zikrindən dolayı sevirəm" (Sad surəsi, 32) sözləri ilə açıq şəkildə ifadə etmişdir.
Belə düşüncəyə malik olmayan insanlar isə dünyada qazandıqlarının heç bir mənasının olmadığını, əslində bunların özlərinə çox az fayda verdiyini, ən əsası da bu qazancdan ən çoxu 60-70 il istifadə edə bildiklərini düşünmürlər. Sahib olduqları mallarını, övladlarını, evlərini, avtomobillərini, bütün sərvətlərini bir gün dünyada qoyub gedəcəklərini, bunları tərk edərək məzara qoyulacaqları həqiqətini unudur, sonu olmayan və heç vaxt çata bilməyəcəkləri varlı olmaq həsrəti ilə ömür sürürlər.
Halbuki onu yaradan Allahı unudub öz mal-dövlətinə güvənən insan dünyada və axirətdə də əzab görəcək:
Haqqı inkar edənlərin nə malları, nə də övladları onları Allah yanında heç bir şeydən qurtara bilməz. Əlbəttə, onlar cəhənnəm odunun yanacağıdırlar! (Ali-İmran surəsi, 10)
"Mal yığıb toplayan və onu sayan" insan haqqında Quranda belə bildirilir:
O kimsə ki, mal yığıb onu dönə-dönə sayar. Və elə zənn edər ki, mal-dövləti onu əbədi yaşadacaqdır. Хeyr! O mütləq hütəməyə atılacaqdır! Sən nə bilirsən ki, hütəmə nədir?! O, Allahın yanar odudur. Elə bir od ki, ürəkləri yandırıb-yaxar. O, belələrinin üzünə qapanıb kilidlənəcəkdir. Onlar hündür sütunlara bağlanmış olacaqlar! (Huməzə surəsi, 2-9)
Həqiqi zənginlik isə Allaha iman gətirən və dünyanın müvəqqəti bəzəklərini hədsiz qiymətləndirməyən, bu bərbəzəyə layiq olduğundan artıq əhəmiyyət verməyən, hər şeyin yalnız Allahdan gəldiyini bilən möminlərə aiddir. Qısa sürən dünya həyatının əvəzinə Allahın əbədi axirət həyatını üstün tutan bu insanlar əsl zəngin insanlardır. Mömin insan axirəti dünyadan üstün tutmaqla ən doğru seçim etmiş, müvəqqəti deyil, əbədi zənginliyi seçmişdir. Quranda bu həqiqət belə ifadə edilir:
Allah, şübhəsiz ki, Allah yolunda vuruşub öldürən və öldürülən möminlərin canlarını və mallarını Tövratda, İncildə və Quranda haqq olaraq vəd edilmiş cənnət müqabilində satın almışdır. Allahdan daha çox əhdə vəfa edən kimdir? Etdiyiniz sövdəyə görə sevinin. Bu, böyük qurtuluşdur! (Tövbə surəsi, 111)
Bu həqiqətləri görməyərək fani dünyaya çox bağlı olan insanlar isə axirətdə üz-üzə gəldikləri zaman kimin daha üstün olacağını açıq şəkildə öyrənəcəklər.
EVLİLİK
İnsanı dünyaya bağlayan ən mühüm məsələlərdən biri də evlilikdir. Gözəl ailə qurmaq hər bir gənc qızın və ya oğlanın ən böyük məqsədlərindən biridir. Buna görə də insanlar hələ kiçik yaşlarından etibarən yaxşı həyat yoldaşı tapmaq istəyirlər. Əlbəttə ki, bu, olduqca təbii istəkdir. Lakin cahil cəmiyyətlərdə qadın-kişi münasibətləri çox yanlış əsaslar üzərində qurulub. Belə münasibətlərdə əsas götürülən ölçü romantizm, ötəri duyğular və bəzi qarşılıqlı mənfəətlərdir. Əsasən də qadınların ümidi onları rahat yaşadacaq varlı ər tapmasıdır. Gənc qız bundan ötrü hətta xoşlamadığı kişi ilə də birgə ola bilər. Ya da bir kişi yalnız fiziki gözəlliyinə görə bir qadını seçə bilər.
Halbuki burada cahil cəmiyyət üzvlərinin diqqət etmədiyi mühüm həqiqət var: haqqında danışılan maddi xüsusiyyətlərin hamısı bir anda yox ola, Allah dilədiyi zaman insanın bütün zanginliyini onun əlindən ala bilər. Bütün fiziki xüsusiyyətlər də bir müddət sonra yox olacaq. Evləndiyi insan bir gün nəhayət qocalacaq, sağlamlığını, gücünü və gözəlliyini həmişəlik itirəcək. Mütləq illərin keçməsini və qocalmağı gözləməyə ehtiyac yoxdur. Bu insan qəfil qəzaya uğraya, şikəst, iflic ola və ya ölümcül xəstəliyə tutula bilər. Bu halda maddi mənfəətlər üzərində qurulmuş sistemin taleyi nə olacaq? Məsələn, bir qadınla üzünün gözəlliyinə görə evlənmiş kişi həmin qadın bu gözəlliyini bir qəzada itirərsə və ya yaşlandıqda üzü qırışarsa, nə edəcək? Şübhəsiz ki, həyatının ən böyük məqsədlərindən biri hesab etdiyi evliliyi olduqca yanlış təməl üzərində qurduğunu dərk edəcək.
Burada izah etmək istədiyimiz əsas məsələ evliliyin yalnız Allah rizası, onun hökmlərinə görə edildiyi zaman doğru olacağı məsələsidir. Bunun əksinə edilən hər bir hərəkət həm bu dünyada, həm də axirətdə insana xoşbəxtlik verməyəcək. Həmin insan bütün həyatını fəda etdiyi və bütün planlarını buna görə tənzimlədiyi bu sistemin nə qədər boş və müvəqqəti olduğunu axirətdə biləcək. Lakin bunun heç bir mənası olmayacaq. Dünyada özünə ən yaxın hesab etdiyi, dost bildiyi həyat yoldaşı da axirətdə onun görmək istəmədiyi, hətta əzabdan xilas olmaq üçün fidyə vermək istədiyi insana çevriləcək. Hesab günü insanların bu vəziyyətini Allah belə bildirir:
Onlar bir-birinə göstəriləcəklər. O günün əzabından qurtarmaq üçün günahkar istərdi ki, fəda etsin öz oğullarını; övrətini və qardaşını. Ona sığınacaq verən əşirətini! (Məaric surəsi, 11-13)
Ayələrdən də məlum olduğu kimi, hesab günü inkarçılar üçün dünyada olan həyat yoldaşının, dostun, qardaşın heç bir dəyəri qalmayacaq. Hətta bu insanlar bir-birini fidyə vermək istədikləri kimi dünyada bir-birinin pisliklərinin qarşısını almadıqları, cəhənnəmə dəvət etdikləri üçün bir-birinə lənət də oxuyacaqlar. Müvəqqəti dünya həyatında Allahın rizasından başqa işlərlə məşğul olan insanlar axirətdə böyük ziyanla qarşılaşacaqlar. Bu mövzuda Quranda verilən başqa bir misal da xanımı ilə birlikdə cəhənnəmə atılan Əbu Ləhəbdir:
Əbu Ləhəbin əlləri qurusun, qurudu da! Ona nə mal-dövləti fayda verəcək, nə də qazandığı. O, alovlu atəşə girəcəkdir. Onun odun daşıyan övrəti də həmçinin! Onun boğazında xurma lifindən hörülmüş ip olacaqdır! (Məsəd surəsi, 1-5)
Allahın razı olacağı sevgi və bərabərlik isə olduqca fərqli ölçülər üzərində qurulmuşdur. Zənginlik, şöhrət, gözəllik belə bir bərabərlikdə əsas amil ola bilməz. Dünyanın müvəqqəti yer olduğunu bilən möminlər üçün əsas amil təqvadır. Bir insanın Allaha bağlılığı, sevgisi, Ondan qorxusu, yəni təqvası nə qədər yüksəkdirsə, o insana duyulan sevgi də bir o qədər böyükdür. Bundan əlavə, Allah rizasının əsas olduğu evlilik insana olduqca böyük rahatlıq və etibarlılıq verir. Allah Quranda belə bir evlilik barədə aşağıdakiları bildirir:
Sizin üçün onlarla ünsiyyət edəsiniz deyə öz cinsinizdən zövcələr xəlq etməsi, aranızda sevgi və mərhəmət yaratması da onun qüdrət əlamətlərindəndir. Həqiqətən, bunda düşünən bir qövm üçün ibrətlər vardır! (Rum surəsi, 21)
Həmçinin dünyada təqvalarına görə bir-birinə bağlı olan möminlər axirətdə də hər şeyi əldə edəcəklər. Onlar bütün həyatları boyu bir-birini xeyirli əməllərə, gözəlliklərə dəvət etdikləri və cənnətə çağırdıqları üçün axirətdə də ən yaxın dostlar olacaqlar. Allah mömin qadınlarla mömin kişilərin vəziyyəti haqqında belə buyurur:
Mömin kişilərlə mömin qadınlar bir-birinə hayandırlar. Onlar yaxşı işlər görməyi əmr edər, pis işləri yasaq edər, namaz qılıb zəkat verər, Allaha və peyğəmbərinə itaət edərlər. Allah, əlbəttə ki, onlara rəhm edəcəkdir. Allah, həqiqətən, yenilməz qüvvət, hikmət sahibidir! (Tövbə surəsi, 71)
UŞAQLAR
İnsanın nəfsi həddi-hüdudu olmayan mal-dövlət, mülk və sərvət sahibi olmaq istəməklə yanaşı özü öldükdən sonra nəslini davam etdirən övladlar dünyaya gətirmək istəyi ilə də doludur. Belə ki, Quranda bu istəyin Allah rizası üçün olmayacağı təqdirdə onun insanı Allahın zikrindən ayıran və ən əsası Ona şərik qoşmağa səbəb olan ünsür ola biləcəyi bildirilir. İnsan Allahın ona verdiyi övladlarla da sınağa çəkilir və Allahın razı olacağı əməllər edib-etməyəcəyi müşahidə edilir. Bu, "Həqiqətən mal-dövlətiniz və oğul-uşağınız sizin üçün ancaq bir sınaq vasitəsidir. Ən böyük mükafat isə Allah dərgahındadır! (Təğabun surəsi, 15) ayəsində də açıq bildirilir.
Ayədə mal-dövlət və övladlar üçün "fitnə" sözündən istifadə olunması olduqca diqqətçəkicidir. Bəzi insanlar dünyanın bəzəyi hesab edilən övlad sahibi olmaq düşüncəsini həyatlarının ən əsas məqsədi kimi görürlər. Allah Quranda övladların insan üçün böyük sınaq olmasından bəhs edir, yalnız Allah rizası üçün övlad sahibi olmağı, əks təqdirdə bunun bir olan Allaha şərik qoşmağa səbəb olacağı bildirilir. Allahın onlara verdiyi övladı Allahı unudaraq həyat qayəsi hesab edən və beləliklə, ona şərik qoşan ailələrin misalı Quranda belə bildirilir:
Sizi tək bir nəfərdən xəlq edən və onunla ünsiyyət etmək üçün özündən zövcəsini yaradan Odur. Zövcəsi ilə yaxınlıq etdikdə o, yüngül bir yüklə yükləndi və daşıdı. Ağırlaşdığı vaxt onların hər ikisi Allaha dua edib: "Əgər bizə saleh bir uşaq versən, şükr edənlərdən olarıq!" - dedi. Allah onlara saleh övlad verdikdə özlərinə verdiyi ilə əlaqədar Allaha bir para şəriklər qoşmağa başladılar. Allah isə ona qoşulan şəriklərdən ucadır! Məgər heç bir şey yaratmağa qadir olmayıb özləri yaradılanımı şərik qoşarlar? (Əraf surəsi, 189-191)
Yalnız Allah rizasını diləyərək övlad sahibi olmaq istəyi doğru davranışdır. Belə ki, Qurandakı qissələrə baxıldığı zaman peyğəmbərlərin övlad sahibi olmaq istədikləri zaman yalnız Allah rizasını nəzərdə tutduqları aydın görünür. Bu mövzu ilə bağlı Quranda bir çox misallar var:
İmranın zövcəsinin: "Ey Rəbbim, bətnimdəkini Sənə xidmətkar olmaq üçün nəzir edirəm. Məndən qəbul et! Əlbəttə, Sən Eşidənsən, Bilənsən!" - dediyini xatırla! (Ali-İmran surəsi, 35)
Hz.İbrahimin duası isə belədir:
Ey Rəbbimiz! Bizim hər ikimizi Sənə itaətkar, nəslimizdən yetişənləri Sənə təslim olan ümmət et, bizə əməllərimizi göstər, tövbəmizi qəbul et! Həqiqətən, Sən tövbələri qəbul edənsən, Mərhəmətlisən! (Bəqərə surəsi, 128)
Şübhəsiz ki, yuxarıdakı ayələrdə bildirildiyi şəkildə övlad sahibi olmağın nəticəsi xeyirli olacaq. Allahın razı olacağı, Quran əxlaqını mənimsəmiş mömin yetişdirmək ibadət kimi qəbul edilə bilər. Lakin əks təqdirdə insan dünyada və axirətdə də bu niyyyətin mənfi nəticəsi ilə qarşılaşar. Əgər övladı Allahın ona lütfü olan əmanət kimi görməyib onu özünə məxsus olan və buna görə də ətrafındakılar qarşısında lovğalanma ünsürü hesab edərsə, yolunu azmış olar.
Bunun axirətdəki əvəzi isə daha şiddətlidir. Axirət günü insan dünyada özünə ən böyük dəstək kimi gördüyü övladını unudur, hətta əzabdan xilas olmaq üçün həyat yoldaşını, ailəsini, qardaşını, fidyə vermək istədiyi kimi övladını da fidyə vermək istəyir. Beləliklə, əzabdan xilas ola biləcəyini güman edir. Lakin o gün əzabdan xilas olmaq mümkün deyil.
Əslində cahil cəmiyyətin insanları üçün övlad yalnız axirətdə deyil, dünyada da bir çox problemə səbəb olur. Hər şeydən əvvəl uşaqlar dünyaya gəldikləri andan ailələrinin vaxtını alır və çox böyük çətinliklərlə böyüyürlər. Bu çətinliyi ana hələ hamilə olduğu vaxtdan etibarən hiss etməyə başlayır. Çünki hər şeyini bətnində daşıdığı körpəsinə nəzərən tənzimləmək məcburiyyətindədir. Ana yeməyinə, içməyinə və hərəkətlərinə diqqət yetirməli olur, xüsusən də hamiləliyin son aylarında artıq çox çətin vəziyyətə gəlib çatır. Həmçinin uşaq dünyaya gəldikdən sonra da insan üçün başqa problem olur. Ana sanki ayağından bir yerə bağlanmış kimi uşaqdan ayrı hərəkət edə bilmir. Bir çox insan uşağının tez böyüməsi üçün çalışarkən, bu müddət ərzində illərinin necə sürətlə keçdiyinin fərqinə belə vara bilməz. Allah rizası üçün səbir edildikdə böyük ibadət hökmünə keçən bu çətinliklər cahil insan üçün məqsədsiz çətinliyə çevrilir.
Cahil cəmiyyətdə qarşılaşılan ən böyük ruh düşkünlüyü uşaqların böyüməsi ilə bağlıdır. Allahın əmr etdiyi əxlaqla böyüdülməyən uşaq təbii olaraq cahil cəmiyyətin pozğun əxlaqını götürəcək. Bu əxlaqın nəticəsində isə o, yalnız ata-anasına qarşı üsyankar, vəfasız insan kimi böyüyəcək. Valideynlər öz uşaqlarını özlərinin gələcək köməkçisi və qoruyucusu hesab etmiş, onlara ən böyük dəstək olacağını güman etmişlər. Halbuki üsyankar əxlaqla böyüyən insan əksər vaxtlarda bu keyfiyyətlərdən uzaq olur. O, öz istəklərini həyata keçirməyə, mənfəətlərini qorumağa çalışacaq, valideynlərinin istəklərini də bu mənfəətlərə uyğun olduğu zaman yerinə yetirəcək. Hətta belə övladların valideynlərinin qocalar evində qalması hallarına da az rast gəlinmir.
Halbuki Quran əxlaqı ilə böyüyən bir insanın davranışı tamamilə başqadır. Çünki Quranda valideynlərin zəhmətindən, onlara qarşı göstəriləcək hörmətdən bəhs edilir və qocaldıqları zaman onları incitməmək əmr edilir:
Rəbbin yalnız Ona ibadət etməyi və valideynlərə yaxşılıq etməyi buyurmuşdur. Əgər onların biri və ya hər ikisi sənin yanında qocalığın ən düşkün çağına yetərsə, onlara: "Uf!" -belə demə, üstlərinə qışqırıb acı söz söyləmə. Onlarla xoş danış! Onların hər ikisinə aciyaraq mərhəmət qanadının altına alıb: "Ey Rəbbim! Onlar məni körpəliyimdən tərbiyə edib bəslədikləri kimi, Sən də onlara rəhm et!" –de. (İsra surəsi, 23-24)
Ayələrdən də aydın olduğu kimi, bir insanı böyütmək, ona axirətdəki vəziyyətini düşünərək tərbiyə vermək əsas vəzifələrdən biridir. Lakin bir uşaq dünyaya və onun müvəqqəti faydalarına uyğun tərbiyələndirilərsə, bu, dünyaya aid hər bir iş kimi müvəqqəti, qeyri-kafi və nəticəsiz bir iş olar. Bundan əlavə, Allah rizası üçün tərbiyələndirilən uşaq mömin olmasa da bir şey itirilməyəcək. Çünki bütün insanların vəlisi Allahdır və insan Onu razı salacaq tərbiyə verdiyi zaman artıq qalan işləri Allaha həvalə etmiş olur.
Dünyanı əsas götürüb tərbiyə verdiyi uşağında istədiyini ala bilməyəcəyi kimi, eyni zamanda axirətdə də nə uşağı özünə, nə də özü uşağına bir fayda verməyəcək. Quranda bu hal xüsusi vurğulanır:
Nəhayət, qulaqları kar edən o dəhşətli səs gələndə, o gün insan qaçacaq öz qardaşından; anasından, atasından; zövcəsindən və oğullarından! O gün onlardan hər birinin istənilən qədər işi olacaqdır! (Əbəsə surəsi, 33-37)
Əvvəl də qeyd etdiyimiz kimi, insan yalnız Allaha qulluq etmək üçün yaradılmışdır. Dünyadakı həyatında ona göstərilən bütün gözəlliklər yalnız onun Rəbbimizə qulluq edib-etməməsini sınamaq, Onun rizasına uyğun şəkildə həyat keçirib-keçirmədiyini müşahidə etmək üçündür. Belə ki, insan öldükdən sonra dünyada yerinə yetirdiyi ibadətlərə və etdiyi inkara görə axirətdə hesab verəcək və əməllərinə əvəz olaraq ya cənnət, ya da Allahın əbədi cəhənnəmi ilə qarşılıq alacaq. Buna görə də dünyada insanların ağlını başından alan gözəlliklərin Allah dərgahında heç bir dəyəri yoxdur. İnsanı Allaha yaxınlaşdıran və axirətdə onu cəhənnəmin əbədi əzabından xilas edən amil sahib olduğu mal-dövləti və övladları deyil, yalnız təqvası və imanıdır. Ayələrdə bu məsələ açıq şəkildə bildirilir:
Sizi bizə yaxınlaşdıran nə var-dövlətiniz, nə də oğul-uşağınızdır. Yalnız iman gətirib yaxşı işlər görənlərin əməllərinə görə mükafatları qat-qat artıq olacaq və onlar cənnət otaqlarında əmin-amanlıq içində yaşayacaqlar. (Səba surəsi, 37)
Əlbəttə, kafir olan şəxslərin nə malları, nə də övladları onları Allahdan əsla qurtara bilməyəcək. Onlar cəhənnəmlikdirlər və orada əbədi qalacaqlar. (Ali-İmran surəsi, 116)
Onları nə malları, nə də övladları heç bir vəchlə Allahdan qurtara bilməz. Onlar cəhənnəmlikdirlər və orada əbədi qalacaqlar. (Mucadələ surəsi, 17)
|