Dünya Həyatı
Yaşadığımız kainatda hər şey ideal şəkildə yaradılıb. Məlum olan təqribən 300 milyard qalaktika, hər birinin də içərisində 300 milyarda qədər ulduz olduqca nizamlı şəkildə mövcuddur. Belə ki, bütün qalaktikalar, ulduzlar, planetlər və peyklər həm öz ətraflarında, həm də bağlı olduqları sistemlərlə birlikdə müəyyən orbitlərdə fırlanırlar. Belə bir quruluşun əmələ gəlməsi heç bir şəkildə təsadüflərlə izah edilə bilməz.
Bundan əlavə, kainatdakı sürət anlayışı dünyəvi ölçülərlə müqayisə edilməyəcək qədər böyükdür. Milyonlarla ton ağırlığındakı ulduzlar, planetlər, qalaktikalar və qalaktika yığını fəzada böyük sürətlə hərəkət edir. Üzərində yaşadığımız Yer kürəsi öz oxu ətrafında saatda 1670 km, Günəş ətrafında isə saatda 108.000 km sürətlə hərəkət edir. Günəş sisteminin qalaktika mərkəzi ətrafındakı fırlanma sürəti saatda 720.000 km olduğu halda, Südyolu qalaktikasının fəzadakı sürəti saatda 950.000 km-dir. Fasiləsiz davam edən bu hərəkət o qədər böyükdür ki, dünya və günəş sistemi hər il bir il əvvəl olduğu yerdən 500 milyon km uzaqda olur.
Beləliklə, biz də olduqca astronomik sürətlə hərəkət edən bu göy cisimlərindən birində yaşayırıq. Bundan əlavə, üzərində yaşadığımız Yer kürəsi bütün kainatla müqayisədə olduqca kiçik və adi görünür.
Bu inanılmaz tarazlıqlar dünyadakı həyatın əslində nazik ipdən asılı olduğunu göstərir. Göy cisimlərinin hərəkət etdikləri orbitlərdəki millimetrlik dəyişikliklər çox mühüm nəticələrə gətirib çıxara bilər. Hətta o dərəcədə ki, dünyada yaşamaq qeyri-mümkün olar. Belə böyük tarazlığa və sürətə malik olan bir sistem içində qorxulu qəzaların baş verməsi də tamamilə mümkündür. Lakin hal-hazırda yer üzündə həyatın mövcud olması, bizim yaşaya bilməyimiz göstərir ki, belə qəzalar çox nadir hallarda olur və bu vaxt da heç bir pozulma baş vermir. İnsan isə öz həyatını dünyanın fırlanma sürətini hiss etmədən çox sabit və təhlükəsiz sistemin içində yaşayırmış kimi davam etdirir.
Bəzi insanlar bütün bu deyilənləri o qədər də dərk etmir, dərk etmədikləri üçün də həyatlarını əslində hansı qeyri-adi şərtlərdə davam etdirdiklərinin fərqinə vara bilmirlər. Yaşadığımız kainatın müəyyən məqsədlə yaradılmasının onlar üçün nə qədər əhəmiyyətli olduğunu bilmirlər. Bu dünyaya nə üçün gəldikləri, bu qədər dəqiq tarazlığın kainatda necə yaranması ilə maraqlanmadan yaşayırlar.
Halbuki insanı insan edən ən əsas xüsusiyyətlərdən biri düşüncə qabiliyyətinin və düşündüklərindən nəticə çıxara bilmək şüurunun olmasıdır. İnsan nə üçün yaşadığını, dünyanın hansı məqsədlə yaradıldığını, kainatda olan tarazlıqların kimin tərəfindən yaradıldığını düşünmədən həqiqəti əldə edə bilməz.
Bütün bu deyilənləri düşünüb dərk edə bilən insanın qarşısına isə belə bir həqiqət çıxır: içində yaşadığımız kainat bütün incə tarazlıqları ilə yüksək şüur sahibi olan Yaradıcı tərəfindən yaradılıb. Kainatda olduqca kiçik yer tutan Yer kürəsi isə kiçik olmasına baxmayaraq, böyük məqsədlərlə yaradılmışdır. İnsanların həyatında hər şeyin bir məqsədi var. Allah göyləri, yeri və bu ikisinin arasında olanları müəyyən məqsədlə yaratmışdır. Kainatın hər bir nöqtəsində Allahın sonsuz gücü və şüuru görünür.
Allah dünyayamüəyyən məqsədlər üçün göndərdiyi insanları da özbaşına buraxmayaraq, onların yer üzündə olma məqsədlərini Peyğəmbərinə (səv) nazil etdiyi kitabında belə bildirir:
Hansınızın əməlcə daha gözəl olduğunu sınamaq üçün ölümü və həyatı yaradan Odur. O, yenilməz qüvvət sahibidir, Bağışlayandır. (Mülk, surəsi, 2)
Həqiqətən, biz insanı qarışıq bir nütfədən yaratdıq. Biz onu imtahana çəkirik. Biz onu eşidən, görən yaratdıq. (İnsan surəsi, 2)
Allah dünyada olan heç bir şeyin məqsədsiz yaradılmadığını da belə bildirir:
Biz göyü, yeri və onların arasında olanları oyun-oyuncaq yaratmadıq. Əgər biz əyləncə etmək istəsəydik, onu mütləq öz dərgahımızdan edərdik. Lakin Biz (bunu) etmədik. (Ənbiya surəsi, 16-17)
DÜNYANIN SİRRİ
Allah dünya həyatını insanların hansının daha yaxşı əməllər edəcəyini, hansının sadiq olub Ona bağlı qalacağını sınamaq üçün yaratmışdır. Başqa sözlə, dünya Allahdan qorxub çəkinənlərlə Ona nankorluq edənləri ayırd etmək üçün hazırlanmış imtahan yeridir. Bu imtahan mühitində gözəlliklərlə çirkinliklər, yaxşılıqlarla pisliklər, qüsurlarla nöqsansızlıqlar bir yerə toplanıb və ideal imtahan sistemi qurulub. İnsanlar imanlarının üzə çıxması üçün müxtəlif cür sınanırlar. Nəticədə də Allahı lazımınca tanıyıb təqdir edə bilənlər inkarçılardan ayrılacaq və xilas olacaqlar. Bu həqiqət Quranda belə bildirilir:
İnsanlar yalnız: "İman gətirdik!" - demələrilə onlardan əl çəkilib imtahan olunmayacaqlarınımı sanırlar? Biz onlardan əvvəlkiləri də imtahana çəkmişdik. Şübhəsiz ki, Allah düz danışanları da, yalançıları da çox gözəl tanıyar! (Ənkəbut surəsi, 2-3)
Bu imtahanın sirrini dərk edə bilmək üçün əvvəlcə kainata tamamilə hakim olan Yaradıcını çox yaxşı tanımaq lazımdır. O, göyləri, yeri və bu ikisi arasında olanların hamısını yoxdan yaradan, hər bir varlığın möhtac olduğu, Özünün isə heç bir şeyə ehtiyacı olmayan və qüsurlardan uzaq olan Allahdır. Allah insanı da yoxdan yaratmış, ona saysız xüsusiyyətlər və nemətlər vermişdir. Heç bir insan eşitməyi, görməyi, yeriməyi, sinir və əzələ sistemlərini normal şəkildə istifadəetməyi, tənəffüs sistemi yaradıb nəfəs almağı və həyat üçün vacib şərt olan bu kimi saysız-hesabsız xüsusiyyətləri öz-özünə əldə etməmişdir. Hətta insan bütün bunları dərk etmədiyi halda, Allah bu sistemləri onun orqanizminə yerləşdirmişdir.
Bütün bu nemətlərin müqabilində insanlardan istədiyi isə Ona qulluq etmələridir. Lakin bəzi insanlar ayədə ifadə edildiyi kimi, "zalım və nankor" olaraq Allaha şükür etməyi, Ona boyun əyməyi və itaət etməyi unudur, Onun qoyduğu qanunları pozur, özlərinin böyük güc sahibi olduqlarını, bu dünyadan heç vaxt getməyəcəklərini düşünürlər.
Buna görə də belə insanların bütün məqsədləri dünya həyatını yaşamağa yönəlib. Onlar ölümü yaddan çıxarır, ölümdən sonrakı həyatları üçün heç bir hazırlıq görmürlər. Ən böyük məqsədləri imkanları daxilində rahat həyat tərzi keçirmək, həyatda yaşadıqları hər bir andan zövq almaqdır. Allah bu tipli insanların həyata olan bağlılıqlarını Quranda belə bildirir:
Həqiqətən, bunlar tez keçib gedəni sevər, ağır günə dal çevirərlər. (İnsan surəsi, 27)
Allahı yaddan çıxaran inkarçılar ömürləri boyunca buna çalışırlar. Lakin ayədə də ifadə edildiyi kimi, bu dünyanın mühüm sirri var: həyat həddindən artıq böyük sürətlə axıb keçir. Bu, həyata bağlı olanların unutduğu, üzərində düşünmədiyi, haqqında danışdıqda qaçdığı bir mövzudur. Lakin nə qədər qaçsalar da bu heç dəyişməyəcək bir həqiqətdir.
Bunu dərk etmək üçün bir misala nəzər yetirək.
BİR NEÇƏ SANİYƏ, YOХSA BİR NEÇƏ SAAT?
Bir tətili təsəvvür edin. İki saat davam edən səfərdən sonra uzun müddət planlaşdırdığınız tətilə çıxa bildiniz və seçdiyiniz tətil yerinə gəldiniz. Tətili keçirəcəyiniz yer çox izdihamlı, ətrafda sizin kimi tətilə gələn yüzlərlə insan var. Burada tanış insanlarla qarşılaşıb salamlaşdınız. Sonra vaxt itirmədən dərhal dəniz sahilinə tələsdiniz. Əyninizi dəyişdirib qumsallığa getdiniz. Qarşınızda gözəl dəniz və qumsal var. Hava isə həqiqətən də insanı boğacaq qədər istidir. Nəhayət dənizə girib çimməyə başladınız. Lakin bu vaxt bir səs eşitdiniz: "Qalx! Saat 8 oldu!".
Bir anda eşitdiyiniz səsi tam dərk etmirsiniz. Eşitdiyiniz səslə olduğunuz şərait arasında bir əlaqə qurmağa çalışırsınız, lakin bunu həmin anda edə bilmirsiniz. Bir qədər sonra gözlərinizi açıb oyanırsınız. Gözləriniz yatdığınız otağa alışıb şüurunuz yerinə gəldikdən sonra yuxu gördüyünüzü başa düşürsünüz. Həqiqətən də çox heyrətlənirsiniz. "Hər şey o qədər real kimi görünürdü ki, saatlarla səfər etdim, mavi dənizi gördüm, ətrafımda çoxlu tanış insanlarla qarşılaşdım, hətta indi qış olmasına baxmayaraq, o şiddətli istini də hiss etdim" deyə tam səmimi şəkildə çaşqınlığınızı ifadə edirsiniz.
Yuxuda çox uzun müddətin keçdiyini güman etməyinizə baxmayaraq, bütün yuxu yalnız bir neçə saniyə çəkib. Nə qədər əksini sübut etmək istəsəniz də bunun yalnız bir neçə saniyəlik bir yuxu olduğunu qəbul etməli olursunuz.
Çox qısa olan həyatı hədər edib axirətə gedən inkarçıların heyrəti də eynilə belə olacaq. Çox uzun müddət davam edəcəyini güman etdikləri həyat onları aldatmışdır. Belə ki, bəziləri min il, bəziləri min ildən daha artıq yaşayacaqları hissinə qapılmışlar. Halbuki ölümdən sonra dirildiləcəkləri zaman əslində dünyada az bir müddət qaldıqlarını dərk edəcəklər. Bu hal Quranda belə izah edilir:
Dedi ki: "Yer üzündə neçə il qaldınız?" Onlar: "Bir gün, bir gündən də az, hər halda, sayanlardan soruş!" - deyə cavab verəcəklər. Allah buyaracaq: "Əgər bilirsinizsə, siz çox az qaldınız! (Muminun surəsi, 112-114)
Yuxarıdakı ayədə də ifadə edildiyi kimi, 10 il və ya 100 il yaşamış bir insan da nəhayət dünyada ən çoxu bir gün qədər yaşadığını dərk edəcək. Eynilə yuxudan oyanan və çox uzun müddət tətildə olduğunu güman etdiyi halda, yalnız bir neçə saniyənin keçdiyini anlayan insan kimi... Hətta yaşadığı ömür ona o qədər qısa gələcək ki, aşağıdakı ayədə bildirildiyi kimi, böyük həvəslə keçirdiyi və illərlə davam edən həyatının yalnız bir saatın içinə sığdığına and içəcək:
Qiyamət qopacağı gün (saat) günahkarlar bir saatdan artıq qalmadıqlarına and içərlər. Onlar belə döndərilirdilər. (Rum surəsi, 55)
Hamının qəti olaraq bildiyi kimi, dünyadakı həyat məhduddur. Bir neçə saat, bir gün, bir il, 30 və ya 70 il... Hamı bunu da qəti olaraq bilir ki, məhdud olan bir şeyin bir gün sonu gələcək. Bir insan 80 il də yaşasa, 100 il də yaşasa, gün keçdikcə həmin sona yaxınlaşır. Buna aid olan misalları hər kəs öz həyatında görüb. Təsəvvür edin ki, qurduğunuz uzunmüddətli bir planla sonda nəhayət ki, qarşı-qarşıyasınız. Belə olduğu halda, geriyə baxdığınız zaman ilk öncə bunu deyəcəksiniz: "Necə də tez ötüb keçdi!"
Məsələn, məktəbə getməyə başlayan bir uşağı təsəvvür edin. O, birinci sinifdə oxuduğu zaman məktəbi bitirməyə hələ uzun illər olduğunu, bu müddətin bitməyəcəyini fikirləşir. Lakin bir gün məktəbi və hətta universiteti bitirir, lakin birinci sinifdə olanda nələri düşündüyünü xatırlamır. Onun ağlında başqa planlar var. Bəlkə də bir neçə ay sonra başlayacaq evlilik həyatını planlaşdırır və o günün heç vaxt olmayacağı qənaətindədir. Lakin o gün də gəlir, ondan başqa planlaşdırdığı digər günlər də. Vaxt hətta o qədər böyük sürətlə keçir ki, insan nə vaxt evlənib oğul-uşaq və nəvə-nəticə sahibi olduğunu hiss etmir. Artıq həyat üçün ayrılmış vaxt bitmək üzrədir. O böyük günə bəlkə bir neçə il, bəlkə bir neçə həftə, bəlkə də bir neçə dəqiqə qalmışdır...
Halbuki həyatın müvəqqəti məkan olduğunu, əsl həyatın isə axirətdə olacağını tarixin başlanğıcındanetibarən Allah insanlara bildirir. Axirətdə əbədi davam edəcək cənnət və cəhənnəm həyatının bütün təfsilatları Allahın vəhyi ilə bildirilmişdir. Buna baxmayaraq, insan yenə də qısa davam edən həyata meyil edir və öz nəfsinə fayda verməyə çalışır. Halbuki hadisələri bir az şüurlu şəkildə dəyərləndirən və həqiqətləri düşünən bir insan bu həyatın sonsuz axirət yanında nə qədər qiymətsiz olduğunu görüb anlayar. Həmçinin axirətdə əbədi davam edəcək həyatını misilsiz nemətlərlə dolu olan cənnətdə keçirməyə çalışar. Bunun yeganə yolu səmimi olaraq Allaha yönəlməkdir. Dünyanın sonunu düşünməyərək bu aqibəti görmək istəməyənlər təbii ki, əbədi əzabı qazanmışlar...
Allaha qulluq etməkdən çəkinən insanların üzləşəcəyi bu hadisə Quranda belə bildirilir:
Gündüz bir saat belə olmamışlar kimi, bir yerə toplayacağı gün onlar bir-birini tanıyacaqlar. Allahla qarşılaşacaqlarını yalan hesab edənlər, sözsüz ki, ziyana uğrayacaqlar. Onlar heç doğru yolda da deyildilər. (Yunus surəsi, 45)
Peyğəmbərlərdən əzm sahibləri olanların səbir etdiyi kimi, sən də səbir et, tez (əzab) gəlməsini istəmə. Onlar vəd olunduqlarını görəcəkləri gün gündüzün ancaq bir saatı qədər qaldıqlarını sanacaqlar. Bu bir xəbərdarlıqdır. Fasiq bir qövmdən başqası da heç məhv edilərmi?! (Əhqaf surəsi, 35)
HƏR HANSI BİR NƏTİCƏYƏ GƏTİRİB ÇIXARMAYAN EHTİRAS
Dünya həyatının demək olar ki, "bir göz qırpımı" qədər böyük sürətlə gəlib keçməsindən bəhs etdik. Lakin böyük ehtirasla həyata bağlanan insan belə bir mühüm həqiqəti bilməlidir ki, o, Allaha iman gətirməyincə həyatda nəyə nail olursa olsun, rahatlıq əldə etməyəcək.
İnsan şüurla hərəkət etməyə başladıqdan etibarən daim müəyyən şeyləri tələb etməyə başlayır. Belə ki, bu istəklər bitib-tükənmək bilmir. İnsanın nəfsi hər zaman nəsə istəyir və bu istəklərində də həddyoxdur. Lakin hədsiz istəklərinin olmasına baxmayaraq, əlindəki imkanlar yenə də məhduddur. Onun hər istədiyinə nail olması mümkün deyil. Bundan əlavə, hətta istədiyi hər şeyə nail olduğunu güman etsək də yenə heç bir şey dəyişməyəcək. Çünki dünyanın ən varlı insanı olsa da bu zənginlik müvəqqətidir. O, ən çoxu təxminən 70-80 il yaşaya bilər və bu müddətin sonunda dünyada sahib olduqlarının hamısını itirər.
İnsan istəklərinə nail olmaq üçün böyük şövq və ehtirasla çalışır, hətta bundan ötrü müxtəlif yollara düşür. Ətrafında olan insanları, hətta ailəsini və yaxınlarını da nəzərə almır. Lakin istədiyini əldə etdiyi zaman həmin "sehr" pozulur. Hətta nail olduğu ən böyük və qiymətli arzusu da onun gözündən düşür. Sanki onu əldə etmək üçün heç günlərlə, aylarla, illərlə çalışmayıb. Əldə etdiyi ilə qane olmayan nəfs dərhal başqa bir istəyin ardınca düşür, bu dəfə də böyük bir ehtirasla bu arzusuna nail olana qədər onu təqib edir...
İnkarçı insanın həyatda mal-mülkə, var-dövlətə, qısası, ətrafında gördüyü hər şeyi əldə etməyə qarşı olan ehtirası bitmir. O, əldə etdikləri ilə heç vaxt qane olub xoşbəxt ola bilməz. Çünki istədiyi şeyləri Allahı razı salmaq üçün deyil, yalnız eqoist vərdişlərini razı salmaq üçün istəmişdir. Nail olduğu hər şey onun təkəbbürünü və özündən razılığını artırır. Əlbəttə ki, Allah dünya həyatında bu dərəcədə azğınlaşıb nəfsinin ardınca gedən belə insanların rahat mənəvi həyata malik olmasına izn verməz.
Belə ki, Quranda yalnız Allaha üz tutanların və Onu zikr edənlərin qəlbən xilas olub nicat tapacaqları bildirilir:
O kəslər ki, Allaha iman gətirmiş və qəlbləri Allahı zikr etməklə aram tapmışdır. Bilin ki, qəlblər yalnız Allahı zikr etməklə aram tapar! (Rəd surəsi, 28)
DÜNYA HƏYATINDAKI ALDANIŞ
Yaşadığımız həyatda insan gözünü çevirib hara baxsa, orada gözəlliklərlə qarşılaşır. Gördüklərini böyük heyranlıqla müşahidə edir. Qüsursuz planla yaradılmış insan orqanizmi, milyonlarla bitki növü, tonlarla ağırlığı olan buludların yerləşdiyi göy üzü və daha bir çox şeylər ruha zövq verən estetik görünüşdə yaradılmışdır. Görüntüdən başqa hisslərdə insana zövq verir. Gözəl qoxu, dad və ya gözəl musiqi də bunlara aiddir.
Budaqdan sallanan meyvə gözəl qoxusu və dadı ilə hamının xoşuna gəlir. Həmçinin gülün müxtəlif rəngləri, üzərində olan naxışları olduqca gözəl və zövq oxşayandır. Bundan əlavə, gözəl insan üzü hamı tərəfindən bəyənilir. Eləcə də gözəl ev, son model avtomobil dünyada tələb olunan nemətlədir. İnsan həyatı boyunca bunlar kimi bir çox şeyi bəyənib onları əldə etmək istəyir. Lakin bir müddət keçdikdən sonra bütün bunlara dönüb baxdığı zaman çox təəccüblənir. Çünki bu gözəlliklər öz əhəmiyyətini itirmişdir, onları hətta görmək də istəmir.
Məsələn, budağından qoparılmış meyvə bir müddət sonra qaralmağa və öz qoxusunu itirməyə başlayır. Daha sonra isə çürüyür və xoşagəlməz qoxu verir. İnsan canlı rəngləri, xoş qoxusu ilə onu cəlb edən çiçəkləri alıb evinə gətirir və güldana qoyur, lakin aradan bir gün keçməmiş güllərin rəngi solur, canlılığı itir. 2-3 gündən sonra isə onlar tamamilə qaralır və çürüyür. Dünyanın ən gözəl simalı insanı kimi tanıdığınız birini 60 il sonra görsəniz, onu tanımazsınız. Həmin insan yaşlanmış, üzü qırışmış, saçları ağappaq olmuş, qısası, əvvəlki gözəlliyindən əsər-əlamət qalmamışdır. Ev dağılmış, avtomobilin modeli köhnəlmiş, müəyyən hissələri paslanmışdır. Nəticə olaraq dünyada insanın ətrafında gördüyü hər şey pozulur.
Bu çoxlarınatəbii proses kimi gəlir. Halbuki burada çox böyük məna var. Ətrafımızda olan hər şey pozulmaqla, köhnəlməklə, çürüməklə bizə mühüm xəbərdarlıq edir. Bu da dünyanın müvəqqəti və aldadıcı olması həqiqətidir.
Ən əsas nəticə isə bütün dünyada olan heyvan, bitki və insanların, qısası, yer üzündəki bütün canlıların ölümlü olması faktıdır. İnsanın bu böyük həqiqəti anlaya bilməməsinin əsas səbəbi ölən insanların və heyvanların yerinə yenilərinin doğulması, təbiətdə hər gün yeni yaradılışların dünyaya gəlməsidir. Bu həqiqəti anlamayan insan ölümlü olanlara layiq olduğundan da çox əhəmiyyət verir, onlar üçün bir çox şeyləri qurban verir. İstədiyi şeylərə sahib olmaq ehtirası ilə yaşayır. Halbuki hər şeyin yeganə sahibi Allahdır. O, diləsə, canlılar yaranır, dilədiyi zaman da ölüb yox olur.
Allah insanların dünyanın bu aldadıcı tərəfinə aldanmaması, bu həqiqəti düşünməsi üçün Quranda müxtəlif nümunələr verir:
Həqiqətən, dünya həyatı göydən endirdiyimiz yağmura bənzər ki, onunla yer üzündə insanların və heyvanların yeyəcəyi bitkilər yetişib bir-birinə qatışar. Nəhayət, yer üzü bəzəklənib süsləndiyi və sakinləri də yığmağa qadir olduqlarını zənn etdikləri vaxt gecə, yaxud gündüz əmrimiz gələr və biz onu, dünən üzərində bol məhsul olmamış kimi, biçilmiş bir hala gətirərik. Biz ayələrimizi düşünən bir ümmət üçün belə ətraflı izah edirik! (Yunus surəsi, 24)
Ayədə bildirildiyi kimi, dünyada gözəl nə varsa, bir gün gözəlliyini itirəcək və yox olacaq. Yalnız bunu bilmək kifayət deyil. Bu həqiqət üzərində dərindən düşünülməli olan bir mövzudur. Çünki Allah belə nümunələri düşünən insanlar üçün izah etdiyini bildirir. İnsan ağıl sahibi olan varlıq kimi düşünmək, düşündüklərindən nəticə çıxarmaq və həyatın məqsədini tapmaq vəzifəsini daşıyır. Düşünmək vədərk etmək kimi mühüm vəzifələri daşımayan insanın heyvanlardan heç bir fərqi yoxdur. Heyvanlar da böyüyür, artıb çoxalır, özlərinə görə bir həyat sürürlər. Amma onlar necə və niyə yaradıldıqları, bir gün öləcəkləri, öləndən sonra necə bir həyatla qarşılaşacaqları barədə düşünə bilmirlər. Heyvanlar dünyanın gerçək üzünü görməyə, onun həqiqi məqsədini qavrayıb anlamağa çalışmırlar.
Heyvanların belə davranışı əlbəttə ki, təbiidir. Çünki onlar "ağıl sahibi" olaraq yaradılmayıblar. Onların üzərinə yaradıcının varlığını qavramaq, yaradılışın qayəsini araşdırmaq vəzifəsi qoyulmayıb.
Amma insan Allahı tanıyıb qəbul etməyə, Onun istədiklərini öyrənib tətbiq etməyə, həqiqi məskənin dünya olmadığını, dünyanın "bir göz qırpımında" itəcək həyat olduğunu dərk etməklə məsuldur. Bu həqiqətləri dərk edən insanın davranışı isə yalnız həqiqi məskən olan axirətə hazırlaşmaq, həyatını yalnız Allahı razı salacaq yollar axtarmaqla keçirmək olacaq.
Əks təqdirdə dünyada da, axirətdə də əzabla qarşılaşar. İnsan varlı ola bilər, lakin bu zaman xoşbəxt ola bilməz. Gözəl olar, lakin gözəlliyi başına bəlalar gətirər. Məşhur olar, lakin bir gün tək qalar və sonda bir otaqda tənha ölər.
DÜNYANIN MÜVƏQQƏTİ OLMASI İLƏ BAĞLI QURANDAN MİSALLAR
Allah Quranda bizədünya həyatının müvəqqəti olması ilə bağlı bir çox misalı bildirir. Ayələrdə həm keçmişdə yaşamış insanların və cəmiyyətlərin başlarına gələn hadisələr ibrətamiz nümunə kimi izah olunur, həm də dünyanın həqiqi üzü insanların onu öz zehnində canlandıra biləcəyi şəkildə verilir. "Kəhf" surəsində bəhs olunan iki "bağ sahibi"nin vəziyyəti də bu misallardandır:
Onlara iki adamı misal gətir. Onların birinə iki üzüm bağı verib onları xurmalıqlarla əhatə etdik və aralarında əkin saldıq. O bağların hər ikisi öz barını verdi və bu bardan heç bir şey əskilmədi. Biz də onların arasından bir irmaq axıtdıq. Bu adamın başqa sərvəti də var idi. O öz yoldaşı ilə söhbət edərkən ona dedi: "Mən səndən daha dövlətli və əşirətcə səndən daha qüvvətliyəm!" O özünə zülm etdiyi halda bağına girib dedi: "(Bu bağın) nə vaxtsa yox olacağını güman etmirəm. Qiyamətin də qopacağını zənn etmirəm. Əgər Rəbbimin hüzuruna qaytarılsam, özümə bundan da yaxşı bir məskən taparam!" Onunla söhbət edən yoldaşı isə belə dedi: "Əvvəlcə səni torpaqdan, sonra bir qətrə sudan yaratmış, daha sonra səni adam şəklinə salmış Allahı inkarmı edirsən? Lakin Allah mənim Rəbbimdir və mən heç kəsi Rəbbimə şərik qoşmaram! Bağına girdiyin zaman barı: "maşaAllah (Allahın istədiyi kimi oldu), qüvvət yalnız Allaha məxsusdur!" - deyəydin"! Əgər məni özündən daha az mal-dövlət və övlad sahibi görürsənsə, ola bilsin ki, Rəbbim mənə sənin bağından daha yaxşısını versin və sənin bağına göydən bir bəla endirsin ki, o, hamar bir yer olsun! Yaxud suyu çəkilib getsin və bir də onu əsla axtarıb tapa bilməyəsən!" Beləliklə, onun (bağının) meyvəsi tələf edildi. Qoyduğu xərcə görə əllərini ovuşdurmağa başladı. Bağın talvarları yerə çöküb viran qalmışdı. O: "Kaş Rəbbimə heç kəsi şərik qoşmayaydım!" -deyirdi. Allahdan başqa ona yardım edə biləcək kəslər yox idi və o da kömək edə biləcək bir halda deyildi. Belə bir vəziyyətdə kömək göstərmək ancaq haqq olan Allaha məxsusdur. Mükafat verməkdə də, aqibət qismət etməkdə də ən xeyirlisi Odur. Bu dünyanı misal çək: bu dünya göydən yağdırdığımız yağmura bənzər. Yerdəki bitkilər onunla qarışıb yetişər, sonra isə dönüb küləyin sovurduğu quru çör-çöp olar. Allah hər şeyə qadirdir! Mal-dövlət, oğul-uşaq bu dünyanın bər-bəzəyidir. Əbədi qalan yaxşı əməllər isə Rəbbinin yanında həm savab, həm də ümid etibarilə daha xeyirlidir! (Kəhf surəsi, 32-46)
Bu hekayədə insanın dünyadakı gücünə aldanaraq təkəbbür göstərməsinin nə qədər ağılsız davranış olduğu, çünki Allahın bu gücü dərhal yox edə biləcəyi vurğulanır. Eyni həqiqət başqa bir hekayədə "bağça sahibləri" misalı ilə bildirilir:
Biz vaxtilə o bağ sahiblərini imtahana çəkdiyimiz kimi, bunları da imtahana çəkdik. O vaxt (o bağ sahibləri) səhər açılanda mütləq dərəcəklərinə and içmişdilər. Və heç bir istisna yeri də qoymamışdılar. Onlar yuxuda ikən sənin Rəbbindən o bağa bir bəla gəldi. Və o qapqara qaraldı. Onlar səhər qalxıb bir-birini belə səslədilər: "Əgər (məhsul) yığacaqsınızsa, bağınıza tez gedin!" Nəhayət, yola düşdülər, bir-birinə xəlvətcə belə deyirdilər: "Elə edin ki bu gün orada yanınıza heç bir yoxsul soxulmasın!" Onlar bağa buraxmamağa qadir olacaqlarını güman edərək erkən getdilər. Bağı bu vəziyyətdə gördükdə dedilər: "Yəqin ki, azmışıq! Хeyr, biz məhrum olmuşuq!" Onların ən ağıllısı dedi: "Məgər mən sizə (Allahı) həmd-səna ilə təqdis etməli olduğunuzu demədimmi?!" Onlar: "Rəbbimiz pak və müqəddəsdir! Həqiqətən, biz zalım idik!" - dedilər. Onlar bir-birini danlamağa başladılar. Və dedilər: "Vay halıma! Biz azğınlıq edirdik. Ola bilsin ki, Rəbbimiz onun əvəzinə bizə daha yaxşısını versin. Biz Rəbbimizdən diləyirik!" Dünyadakı əzab belədir. Şübhəsiz ki, axirət əzabı daha şiddətlidir. Kaş biləydilər! (Qələm surəsi, 17-33)
Əgər fikir verirsinizsə, Quranda dünyaya aldanıb doğru yoldan azmışlar kimi göstərilən insanlar Allahın varlığını inkar edən ateist insanlar deyil. Onlar Allahın varlığını bilən və qəbul edən, lakin onu xatırlamaqdan uzaqlaşmış insanlardır. Onlar Allahın verdiyi nemətləri özlərinin təbii haqqı kimi görərək təkəbbürlü davranmaqla böyük səhv edirlər. Allahı və onun gücünü yalnız sözdə qəbul edirlər, lakin qəlbləri öz qürurları, təkəbbürləri, eqoizmi və ehtirasları ilə doludur.
Allah Quranda belə insanlara misal olaraq hz. Musa qövmünün, yəni Allaha inanan cəmiyyətdən çıxan Qarunu göstərir. Həm Qarun, həm də ona bənzəmək istəyərək dünyaya aldananlar Allaha guya inanan, lakin dünyanın sehrinə aldanaraq Onu unudan insanlardır:
Həqiqətən, Qarun Musa qövmündən idi. Onlara qarşı həddini aşmışdı. Biz ona açarlarını bir dəstə güclü adamın zorla daşıya biləcəyi xəzinələr vermişdik. Qövmü ona belə dedi: "Sevinmə. Şübhəsiz ki, Allah (malına qürrələnib) sevinənləri sevməz! Allahın sənə verdiyindən özünə axirət qazan. Dünyadakı nəsibini də unutma. Allah sənə yaxşılıq etdiyi kimi, sən də yaxşılıq et. Yer üzündə fitnə-fəsad törətməyə cəhd göstərmə. Həqiqətən, Allah fitnə-fəsad törədənləri sevməz!" Qarun dedi: "Bu (var-dövlət) məni yalnız məndə olan elm sayəsində verilmişdir". Məgər o Allahın ondan əvvəl özündən daha qüvvətli və daha varlı olan neçə-neçə kəsləri məhv etdiyini bilmirdimi? Günahkarlar öz günahları barəsində sorğu-sual olunmazlar. (Bir gün Qarun) faxir libas geyib öz zinəti içində qövmünün qarşısına çıxdı. Dünyaya həris olanlar dedilər: "Kaş ki, Qaruna verilən bizə də veriləydi. Həqiqətən, o, böyük bəxt sahibidir!" Elm verilmiş kəslər isə belə dedilər: "Vay halınıza! İman gətirib yaxşı əməl edən kimsə üçün Allahın mükafatı daha yaxşıdır. Buna yalnız səbr edənlər qovuşarlar!" Nəhayət, onu (Qarunu) sarayı ilə birlikdə yerə gömdük. Allaha qarşı ona yardım edə biləcək bir camaat da yox idi. O özü də özünə heç bir kömək edə bilmədi. Dünən onun yerində olmaq istəyənlər ertəsi gün səhər belə deyirdilər: "Vay! Sən demə, Allah öz bəndələrindən istədiyinin ruzisini artırarmış da, azaldarmış da! Əgər Allah bizə lütf etməsəydi, yəqin ki, bizi də yerə gömərdi. Sən demə, kafirlər nicat tapmayacaqlarmış!" Biz bu axirət yurdunu yer üzündə təkəbbürlük etməyənlərə və fitnə-fəsad törətməyənlərə qismət edirik. Aqibət ancaq Allahdan qorxub pis əməllərdən çəkinənlərindir! Hər kəs yaxşı əməllə gəlsə, ona bundan daha yaxşısı verilər. Hər kəs pis əməllə gəlsə, pis əməllər edənlərə ancaq əməllərinin cəzası verilər! (Qəsəs surəsi, 76-84)
Məlum olduğu kimi, Qarunun səhvi özünü Allahdan ayrı, sərbəst güc hesab etməsi, Allahın onu sınamaq məqsədilə verdiyi gücü və imkanı öz üstünlüyünə görəəldə etdiyini güman etməsidir. Halbuki bütün insanlar Allahın quludur və Onun dərgahında olan heç bir şeyi əldə etmiş sayılmazlar. İnsana verilən hər şey yalnız və yalnız Allahın lütfüdür. Bunu bilən insan Allahın verdiyi nemətlər nəticəsində azğınlaşmaz, ərköyünləşərək sevincə qapılmaz, yalnız Allaha şükr edər və bu şükrün sevincini yaşayar. Bir insanın bütün dünyada əldə edəcəyi üstün sevinc də elə budur. Qarun və Qaruna bənzəyənlər isə yalnız Allahın göndərdiyi fəlakətlərə düçar olduqları zaman yanıldıqlarını başa düşərlər. Əgər bu fəlakətdən də nəticə çıxarmayaraq aldanmağa davam etsələr, bu halda onlar yalnız Allahın əbədi cəhənnəminə gedəcəklər. Bu həqiqət ayələrin birində belə göstərilir:
Bilin ki, dünya həyatı oyun-oyuncaq, bər-bəzək, bir-birinizin qarşısında öyünmək və mal-dövləti, oğul-uşağı çoxaltmaqdan ibarətdir. Bu elə bir yağışa bənzəyir ki, onun yetişdirdiyi bitki əkinçilərin xoşuna gələr. Sonra o quruyar və sən onun saralıb solduğunu, daha sonra çör-çöpə döndüyünü görərsən. Dünya malına aldananları axirətdə şiddətli əzab, dünya malına uymayanları isə Allahdan bağışlanma və razılıq gözləyir. Dünya həyatı aldanışdan başqa bir şey deyildir. (Hədid surəsi, 20)
|