Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

 

İnsanın Acizliyi

Allah insanı ən ideal şəkildə yaratmış, ona bir çox gözəl xüsusiyyətlər vermişdir. Yaradılmış bütün canlılar arasında düşünmək, qərar qəbul etmək, fikirləşmək, düşündüyünü tətbiq edə bilmək, plan qurmaq, nəticə çıxarmaq kimi zehni funksiyaları ilə birgə insanların üstünlüyü inkar edilməyən həqiqətdir.

İnsanların bütün bu üstünlüklərin əksinə olaraq nə üçün olduqca qorunmağa ehtiyacı olan orqanizmə sahib olması haqqında heç düşünmüsünüzmü? Nə üçün yalnız mikroskopla görünə bilən bakteriya və viruslar bu orqanizmə zərər verir? Nə üçün insanın bütün həyatı boyunca təmizlənməyə, qayğıya ehtiyacı var? Nə üçün insanın orqanizmi zaman keçdikcə sıradan çıxır və qocalır?

İnsanlar bunu çox təbii hesab edirlər, halbuki bu sadalananların hər biri müəyyən məqsədlə xüsusi olaraq yaradılmışdır. İnsanın acizliyinə aid olan hər şeyi Allah xüsusi olaraq yaratmışdır. "Nisa" surəsinin 28-ci ayəsində bu həqiqətə belə diqqət çəkilir: "...insan zəif yaradılmışdır". İnsan zəif varlıq olaraq yaradılmışdır ki, yaradıcımız olan Allah qarşısında acizliyini bir qul olaraq dərk edə və dünyanın müvəqqəti məkan olduğunu anlaya bilsin.

İnsan nə vaxt, harada doğulacağını, nə vaxt, necə öləcəyini müəyyən edə bilməz. Həmçinin həyatdan nə qədər məmnun olsa da o, həyata müsbət və ya mənfi təsir göstərən amillərlə bağlı heç bir təsir mexanizminə sahib deyil.

Bəli, insan orqanizmi hər cəhətdən qorunmağa və qayğıya möhtacdır. Dünyada başına nə vaxt nə gələcəyi məlum deyil. İstər dünyanın inkişaf etmiş şəhərində yaşasın, istərsə də sivilizasiyadan kilometrlərlə uzaqda, elektrik və sudan məhrum olan bir dağ kəndi olsun. Burada insan heç gözləmədiyi bir təhlükə ilə qarşılaşa bilər. Ölümcül xəstəliyə tutula və ya şikəst ola bilər. Qarşılaşdığı hadisə itirilməz hesab etdiyi fiziki gücünü, gözəlliyini və ya öyündüyü fiziki xüsusiyyətini ondan ala bilər. Yaşadığı yer kimi insanın kimliyi də istisna deyil. Dağ başında sürülərini otaran bir çoban və ya bütün dünyanın tanıdığı məşhur insan olsa da haqqında danışılan hadisələrdən hər hansı biri onun həyatını təsəvvürünə gətirə bilməyəcək qədər dəyişdirə bilər.

Orta hesabla 70-80 kq-lıq ət və sümük parçası olan orqanizm incə dəri ilə əhatə edilir. Əlbəttə, belə bir dəri asanlıqla cızıla, kəsilə və ən adi bir zərbədə göyərə bilər. Günəş altında uzun müddət qala bilməz. Müəyyən bir hədd pozularsa, dəri əvvəlcə qızarır, sonra şişib su toplayır. Qısası, isti havaya məruz qalan insan özünü qorumaq məcburiyyətindədir.

Allah insanı ən gözəl şəkildə və ən ideal sistemlərlə yaratmışdır. Lakin dünyanın müvəqqəti olmasını göstərmək və ehtiraslara qapılmalarının qarşısını almaq üçün orqanizmi ət və yağ kimi tez korlanan maddələrdən təşkil etmişdir. Əgər insanın orqanizmi başqa maddələrdən təşkil edilmiş, zirehli quruluşa malik olsaydı, bu vaxt heç bir virus və mikrob, soyuq və ya hər hansı bir qəza bu zirehi deşib keçərək ona zərər verə bilməzdi. Halbuki ət və yağ bir neçə saat açıqda qaldıqda tez xarab olan maddələrdir. Elə insanın ən böyük acizliklərindən biri də "bu maddə"sinin çürümək təhlükəsinin bu qədər böyük olmasıdır.

İnsan Allah tərəfindən verilmiş bir xatırlatma olaraq orqanizminin acizliyini daim hiss edir. Məsələn, soyuq havanın təsiri insan bədəninin acizliyini tamamilə ortaya çıxaran bir faktordur. Soyuq hava insanın fizioloji müdafiəsini yavaş-yavaş iflic edir. Belə bir vəziyyətdə orqanizmin daim tarazlayaraq qoruduğu sabit istiliyin (37 dərəcə) nə qədər əhəmiyyətli olması üzə çıxır - 1. Çox soyuq havada bədənin hərarəti get-gedə aşağı düşə bilər. Əvvəlcə ürəyin döyünməsi sürətlənir, damarlar yığılır, arterial qan təzyiqi yüksəlir. Orqanizm özünü isitmək üçün titrəməyə başlayır - 2. Bədənin hərarətinin 35 dərəcəyə düşməsi artıq təhlükəli vəziyyətdir. Ürək döyüntüsü azalmağa başlayır, təzyiq aşağı düşür, qollarda və ayaqlarda, daha çox barmaqlarda damarlar yığılmağa başlayır. Bədənin temperaturu 35 dərəcəyə düşən bir insanda şüurun dumanlı olması, istiqamət (müvazinət) pozğunluğu, yuxuya meyillilik və fikir dağınıqlığı əmələ gəlir. Zehni proseslərdə gerilik hiss olunur. Burada başqa bir əsas məqam bədənin temperaturunun yalnız 1,5 dərəcə aşağı düşməsi ilə belə mühüm dəyişikliklərin ortaya çıxmasıdır. Soyuq yerdə çox qaldıqda və bədənin temperaturu 33 dərəcədən aşağı düşdüyü zaman yaddaş və şüur itir. 24 dərəcəyə çatanda tənəffüs, 20 dərəcədə beyin, 19 dərəcədə isə ürək dayanır və insan üçün qaçılmaz olan ölüm baş verir.

Yuxarıda qeyd etdiyimiz yalnız bir nümunədir. Saytın sonrakı səhifələrində insanın fiziki zəifliklərini (acizliklərini) təfsilatı ilə göstərməyə çalışacağıq. Burada əsas məqsədimiz insanın bu dünyada nə edirsə etsin, heç vaxt razı və qane olmayacağını, malik olduğu acizliklərin buna mane olmasını isbat etməkdir. Bunu bilən insanın da cənnətə yönəlməsinin, bu dünyaya kor-koranə bağlanmamasının vacibliyini xatırlatmaqdır. Çünki insanın vəd edilən sonsuz cənnət həyatı var. Qarşıda da qeyd edəcəyimiz kimi, cənnət heç bir çatışmazlığın, qüsurun və fiziki zəifliklərin olmadığı yerdir. İnsan orada nəfsinin arzuladığı hər şeyə nail olacaq, yorğunluq, aclıq, susuzluq, qocalıq, xəstəlik və başqa fiziki qüsurlardan uzaq olacaq.

Başqa bir məqsədimiz isə insanın öz zəifliyi qarşısında yaradıcımız olan Allahın üstünlüyünü, ucalığını dərk edə bilməsinə və Ona möhtac olduğunu anlaya bilməsinə kömək etməkdir. Belə ki, insanların Allaha möhtac olması Quranda belə bildirilmişdir:

Ey insanlar! Siz Allaha möhtacsınız. Allah isə möhtac deyildir, hər cür şükrə layiqdir! (Fatir surəsi, 15)

BƏDƏNİN EHTİYACLARI

İnsana bir çox fiziki zəifliklər verilmişdir. Хüsusən də insan həm vücudunu, həm də ətrafını təmiz saxlamaq, onlara çox diqqətlə baxmaq məcburiyyətindədir. Bu qayğıya ayırdığı vaxt isə həyatın böyük hissəsini təşkil edir. Çimərkən, üzünü qırxarkən, əl-ayağına, saçına və dərisinə qulluq kimi işlərlə məşğul olarkən insanların bunlara nə qədər vaxt sərf etməsinə dair anketlərə tez-tez rast gəlmək olar. Belə məlumatları görən insan təəccübünü gizlədə bilməz, çünki ömrünün böyük hissəsini belə işlərə sərf etdiyini bəlkə də heç fikirləşməmişdir.

Gündəlik həyatda, evdə, yolda, işdə, məktəbdə müxtəlif insanlarla qarşılaşmaq olar. Bu insanları əksəriyyəti düzgün geyinmiş, makiyajlı, saçları daranmış, üzü qırxılmış, ütülü geyimlərdə olan insanlardır. Lakin bu görünüşlərinin əksi olan tərəfləri də var. Görəsən bu insanlar bu zahiri görünüşü əldə etmək üçün nə qədər vaxt sərf etmək məcburiyyətində qalıblar?

Səhər oyanandan gecə yatana qədər bir insanın yerinə yetirmək məcburiyyətində olduğu bu qayğı bir çox hərəkəti əhatə edir. O, yuxudan oyandıqdan sonra ilk öncə duş qəbul etməyə gedir. Yuxuda olduğu müddətdə ağzında çoxalan bakteriyalara, xoş olmayan qoxuya və dada görə oyanan kimi dişlərini fırçalamalıdır. İnsanın gününü başlamaq üçün lazım olanlar yalnız bununla bitmir. O, həmçinin əlini və üzünü yumalıdır. Lakin məsələ bununla da bitmir. Bir gün əvvəl bədənində və dərisində bir çox proseslər baş vermişdir. Məsələn, saçları və üzü yağlanmış, saçlarında kəpək əmələ gəlmiş, bədəni tərləmişdir. Bütün bu xoşagəlməz cəhətlərdən xilas olmağın yolu isə vanna qəbul etməkdir. Əks təqdirdə yağlı saçları, tər qoxusu gələn bədəni ilə insanların arasına getməsi çox da yaxşı olmayacaq.

İnsan arasına çıxmaq üçün lazım olan təmizliyin aparılmasında istifadə edilən vasitələr o qədər çoxdur ki... Bu cəhətdən insan bədəninin nə qədər çox şeyə möhtac olması haqqında düşünmək lazım gəlir. Məsələn, təmizlik üçün su və sabunla yanaşı əlavə şeylərə də ehtiyac var. Çünki dəri üzərindəki ölü dəri təbəqəsini təmizləmək lazımdır.

Hər bir insan bədəninin təmizliyi ilə yanaşı paltarlarının, evinin və ətrafının təmizliyinə də vaxt ayırmalıdır. Yoxsa bir müddət bədənini yumasa və ya evini təmizləməsə, heç kəsin ona yaxınlaşa bilməyəcəyi bir vəziyyətə düşə bilər.

Qısası, insan yaşadığı bir günün böyük hissəsini təmizliyə və özünə qayğı göstərməyə ayırır. Bundan əlavə, bu təmizlik üçün müxtəlif vasitələrə, kimyəvi maddələrə ehtiyac duyur. Allah insanı olduqca aciz bədənlə yaratdığı halda, ona bu acizliyi müvəqqəti örtməsini, kənardan hiss edilməməsini təmin edən imkanları da verib. Həmçinin insana təmizlənməsini, aciz olduğunu göstərməməsini təmin edəcək düşüncə verib. Lakin bəzən insanlar ağıllarından və Allahın onlara verdiyi başqa texniki imkanlardan istifadə etmədiklərinə görə mənfi görünüşlə rastımızaçıxa bilərlər. Əsasən təmizlik üçün lazım olan vasitələrdən istifadə etmədiklərinə və bunun üçün çalışmadıqlarına görə qısa müddətdə xoşagəlməz görünüşdə olurlar.

Lakin insan öz qayğısına nə qədər qalırsa qalsın, bu da müvəqqətidir. Dişini fırçalayan insan bəlkə bir saat sonra heç bunu etməmiş kimi olur. Yay fəslində vanna qəbul etmiş insan bir saat sonra sanki bunu etməmiş kimi olur. Həmçinin gözəllik məqsədilə saatlarla güzgü qarşısında makiyaj edən bir qadını təsəvvür edin: o biri gün oyandığı zaman üzündəki makiyajdan əsər-əlamət qalmayacaq. Hətta səhər oyandığı zaman üzündə qalan boya qalıqları onu daha da pis göstərir. Və ya üzünü təraş edən bir kişi o biri gün oyandığı zaman yenidən eyni hərəkəti yerinə yetirməlidir.

Ən əsas məsələ insanın bütün bu fiziki zəifliklərinin bir məqsədinin olduğunu dərk etməsidir. Həmçinin bunlar zəruri zəifliklər deyil, onlar xüsusi olaraq yaradılıb. Bir misalı düşünək. İnsan bədəninin hərarəti qalxdığı zaman təbii olaraq tərləyir. Tərin qoxusu isə olduqca xoşagəlməzdir. Yer üzündə yaşayan insan bu zəifliklərlə tez-tez qarşılaşır. Halbuki belə olmaya da bilərdi. Məsələn, bitkilərdə vəziyyət belə deyil. Bir gülü təsəvvür edin. O, torpaq içindən çıxdığı, küçədə təbii şəraitdə yetişdiyi, hər an pislik və natəmizliklə üzləşdiyi halda, öz gözəl qoxusunu əsla itirmir. Hər bir halda gül qoxusu olduqca gözəldir. Bundan əlavə, gülün təmizlik və qayğıya ehtiyacı yoxdur! Lakin insanın vəziyyəti bundan fərqlidir. Allah insana öz acizliyini hiss etmək üçün lazım olan hər xüsusiyyəti vermişdir. İnsan nə qədər təmizlənirsə təmizlənsin, kosmetik vasitələrdən nə qədər istifadə edirsə etsin, o, gözəl qoxunu hər zaman saxlaya bilməz.

İnsan orqanizmində olan bütün acizliklərlə yanaşı həyatını davam etdirə bilməsi üçün həm də qidalanmalıdır. Həmçinin bu qidalanma yaxşı planlaşdırılmalıdır. İnsan orqanizmi həm də zülala, karbohidrata, şəkərə, vitaminlərə, müxtəlif minerallara ehtiyac duyur. İnsan adıçəkilən maddələrdən lazımi miqdarda qəbul etməsə, daxili orqanlarda ciddi dəyişikliklər meydana gələ bilər, dəri sıradan çıxar, immunitet sistemi və bütün orqanizmi zəifləyər. Buna görə də insan təmizliyə göstərdiyi həssaslığı qidalanmasına da göstərməlidir.

İnsanın qidadan da vacib ehtiyacı var. Qidalanmadan bir müddət yaşamaq mümkündür, lakin orqanizmə suyun bir-iki gün daxil olmaması insan üçün çox təhlükəlidir. İnsan orqanizmi suya kəskin şəkildə möhtacdır. Çünki orqanizmin inkişaf etməsi üçün bütün kimyəvi proseslər suyun köməyi ilə meydana gəlir.

Əlbəttə, bütün burada qeyd olunanlar hər bir insanın özündə görə biləcəyi çatışmazlıqlardır. Lakin görəsən hər bir insan bunların çatışmazlıq olduğunu dərk edə bilirmi? Yoxsa hər bir insan bütün bu çatışmazlıqların hamıda olduğunu düşünüb bunu təbii sayır? Əlbəttə, burada deyilənlər bütün insanlara aiddir. Lakin unutmaq olmaz ki, əgər Allah diləsəydi, bunların heç birini insanlarda yaratmazdı, hər insan gül kimi gözəl ətirli və tərtəmiz ola bilərdi. Lakin insanı bütün acizlikləri ilə yaradan Allahın bunu yaratmasında da bir hikmət var. Yaradıcımız qarşısında acizliyini dərk edən insan Onun dəvət etdiyi yola tabe olmalı, müvəqqəti və qüsurlu olan dünyaya uymamalı, sonsuz yurd olan axirət üçün çalışmalıdır.

ŞÜURSUZ 15 İL

Hər insan gün ərzində müəyyən vaxtı yatmaqla keçirmək məcburiyyətindədir. Nə qədər çox işi olsa da, hər nə qədər istəməsə də insan yenə müəyyən vaxtdan sonra yatmaq, orqanizminə rahatlıq vermək, gününün ən azı 1/4 hissəsini yatmaqla keçirmək məcburiyyətindədir. Əks təqdirdə həyatını davam etdirməsi mümkün olmaz. O, hər gün 24 saatın əslində 18 saatını şüurlu şəkildə keçirir, yerdə qalan minimum 6 saatını isə yuxuda olur və şüuru əsla işləmir. Məsələyə bu baxımdan nəzər yetirdiyimiz zaman qarşımıza belə bir rəqəm çıxır: təxminən 60 illik bir həyatın 1/4 hissəsi, yəni 15 ili şüursuz keçir.

Bəs yuxunun alternativi varmı? "Mən yatmaq istəmirəm" deyən insanın vəziyyəti necə olur?

İki gün yatmayan insanın gözləri qan qoyur, dərisi pozulur, rəngi solur. Bu hal bir qədər də uzansa, onun şüurunu itirmək təhlükəsi də yarana bilər. İnsan istəsə də, istəməsə də günün axırında gözləri bağlanır, diqqəti dağılır və qəfil yuxuya gedir. Bu, qaçılmazdır. Bu, ən güclüsündən ən zəifinə, ən gözəlindən ən çirkininə, ən varlısından ən yoxsuluna qədər hər kəs üçün dəyişməyən qaydadır.

Adətən yuxudan əvvəl orqanizm ölürmüş kimi hissiyyatsız olur, heç nəyə müqavimət göstərə bilməyəcək hala düşür. Bir az əvvəl səsi eşidən və qəbul edən qulaqlar fiziki cəhətdən sağlam olsalar da eşidə və öz funksiyasını yerinə yetirə bilmir. Orqanizm bütün fəaliyyətini minimum həddə endirir, diqqət azalır, insan fikrini bir yerə cəm edə bilmir, hərəkətləri ləngiyir. Ölümü ruhun bədəndən ayrılması kimi izah etdiyimizə görə bu da bir növ ölüm kimidir. Çünki insan bədəni yataqda yatır, lakin o zaman ruhu başqa bir məkanda, başqa hadisələr yaşadığını güman edir. Bəlkə də o, özünü dəniz kənarında, istinin altında hiss edir, əslində isə öz otağında yatır. Ölüm də insana o şəkildə təsir edir: onu bu dünyada istifadə etdiyi orqanizmdən ayırır və yeni bədənlə yeni dünyaya aparır.

Yuxu ilə ölüm arasında olan bu bənzərlik Quranda da bildirilir. Bir ayədə "Sizi gecələr yuxuya daldıran, gündüz isə nə etdiyinizi bilən Odur. Sonra O, sizi gündüz oyandırır ki, müəyyən olunmuş vaxt gəlib yetişsin" (Ənam surəsi, 60) deyə buyrulur. Ölümlə yuxunun iki oxşar hadisə kimi göstərildiyi ikinci ayə isə belədir:

Allah canlarını onlar öldüyü zaman, ölməyənlərin canlarını isə yuxuda alar. Ölümünə hökm olunmuş kimsələrin canlarını saxlayar. Digər kimsələrin canlarını isə müəyyən bir müddətədək qaytarar. Həqiqətən, bunda düşünən bir qövm üçün əlamətlər vardır! (Zumər surəsi, 42)

Lakin insanlar nə səbəbdənsə həyatlarının 1/4-ni heç bir şeyi qəbul etməyərək ölü kimi keçirdikləri halda, bunu bir o qədər də düşünmürlər. Onlar yuxuya getdikləri zaman dünyada olan hər şeyi unutduqlarını ağıllarına belə gətirmirlər. Halbuki insan yuxuya daldığı zaman həmin gün qazandığı pul, getdiyi imtahan, aldığı gözəl hədiyyə artıq onun üçün heç bir məna ifadə etmir. Bu, bir növ onun dünya ilə əlaqəsinin qalmaması mənasına gəlir.

Bura qədər verilən bütün misallar insan həyatının əslində nə qədər qısa olduğunu və nə qədər "zəruri" işlərlə keçirildiyini bildirir. Bu həyatdan zəruri olan işlərə sərf edilmiş vaxtları çıxdıqda insanın əyləndiyini hesab etdiyi, istəklərini yerinə yetirdiyi, "dünyada istədiyim kimi yaşayıram" dediyi anların olduqca çox olmasının şahidi oluruq. Geriyə baxdığımız zaman yalnız qidalanmağa, geyinməyə, təmizlənməyə, yatmağa və daha yaxşı şəraitdə yaşamaq üçün çalışmağa sərf edilən illəri əhatə edən çox uzun zaman kəsiyi ilə qarşılaşırıq.

Şübhəsiz ki, insanın dünyada keçirdiyi vaxtla bağlı hesablamalar çox düşündürücüdür. Bir az əvvəl də qeyd etdiyimiz kimi, təxminən 60 illik həyatın ən azı 15-20 ili tamamilə yuxuda keçir. Yerdə qalan 40-45 ilin 5-10 ili isə uşaqlığın şüursuz dövrləridir. Yəni 60 il yaşayan insan əslində bunun yarısını şüursuz şəkildə keçirir. Yerdə qalan yarısı ilə bağlı bir çox rəqəmlər göstərilə bilər. Məsələn, bu vaxtın da bir hissəsini yemək hazırlayaraq və yeyərək, bədənini və ətrafını təmizləyərək, yolda bir yerə çatmağa çalışaraq keçir. Bu misalları daha da artıra bilərik. Nəticədə isə "böyük bir ömür"dən təbii ehtiyacların ödənməsindən başqa yalnız 3-5 illik bir vaxt qalır. Sizcə, bu qədər bir vaxtın sonsuz həyatla müqayisədə nə dəyəri ola bilər?

Beləliklə, bu yerdə həqiqi iman sahibləri ilə inkarçılar arasında böyük fərqin olması üzə çıxır. İnkarçı insan yaşadığı həyatın yalnız bu dünyada yaşadığı illərdən ibarət olduğunu güman edir. Özünə görə bir göz qırpımında gəlib keçən dünyanın ləzzətini görmək üçün çalışır, lakin boş yerə yorulur. Çünki əvvəl də qeyd etdiyimiz kimi, bu dünya həm çox qısadır, həm də çox sayda çatışmazlıqlardın ibarətdir. Bundan əlavə, Allaha güvənib Ona bağlı olmadığı üçün dünyanın bütün çətinliklərinin, narahatlıq və qorxularının acısını çəkir.

İmanlı insan isə bütün həyatını Allah rizasını qazanmaq üçün çalışaraq keçirir, Allaha tabe olmağın rahatlığı sayəsində dünyanın bütün qorxu və hüznlərindən xilas olur, nəticədə də əbədi səadət yurdu olan cənnətə layiq görülür. Belə ki, insanın həyatdakı yaradılış məqsədi də onun hansı əməlləri edəcəyinin sınanmasıdır. Allah gözəl əməl sahiblərinə dünya və axirətdə gözəlliklər vəd edir:

Allahdan qorxub pis əməllərdən çəkinənlərdən: "Rəbbiniz nə nazil etmişdir?" - deyə soruşduqda isə onlar: "Xeyir!" - deyə cavab verərlər. Bu dünyada yaxşılıq edənləri gözəl həyat gözləyir. Axirət yurdu isə, sözsüz ki, daha yaxşıdır. Müttəqilərin yurdu necə də gözəldir! Onlar altından çaylar axan Ədn cənnətlərinə daxil olacaqlar. Orada onların istədikləri hər şey vardır. Allah müttəqiləri belə mükafatlandırır! (Nəhl surəsi, 30-31)

ХƏSTƏLİKLƏR VƏ QƏZALAR

İnsana acizliyini bildirən hadisələrdən biri də xəstəliklərdir. Olduqca müsbət qorunan orqanizm gözlə görünməyən kiçik virusdan və ya mikrobdan ciddi surətdə təsirlənir. Bunu fikirləşdiyimiz zaman əslində orqanizmin zəifləməsinin anlaşılan olmadığını görürük. Çünki Allah insanın orqanizmini olduqca qüsursuz sistemlərə sahib şəkildə yaradıb. Хüsusən də insanın müdafiə sistemi düşmənlərinə qarşı olduqca "güclü ordu" kimi səciyyələndirilə bilər. Lakin bunlara baxmayaraq, insanlar tez-tez xəstələnir. Düşünmək lazımdır ki, insan orqanizmində olduqca üstün olan bu sistemləri yerləşdirən Allah diləsəydi, insan heç vaxt xəstələnməzdi. Viruslar, mikroblar, bakteriyalar ona təsir etməzdi və ya xüsusi yaradılmış bu kiçik "düşmənlər" ümumiyyətlə olmazdı. Halbuki hər insan kiçik səbəblərdən böyük xəstəliklərə tutula bilir. Məsələn, dəridə olan kiçik yaradan orqanizmə düşən bir virus qısa müddətdə böyük sahəni yoluxdura bilir. Texnologiya nə qədər inkişaf edirsə etsin, ən sadə virus da insana zərər verə bilir. Tarixdə belə hadisələr çox baş verib. Məsələn, 1918-ci ildə İspaniyada yayılan bir qrip virusundan 25 milyon insanın öldüyü məlumdur. Həmçinin 1955-ci ildə Almaniyada yayılan bir virus 30 min insanın ölümünə səbəb olmuşdur.

Bütün bunlar uzaq təhlükə deyil, hər gün hər bir insanın başına gələcək hadisələrdir. Əlbəttə, bunları təbii qarşılayıb onların üstündən düşünmədən keçmək böyük xəta olardı. Başqa acizliklər kimi xəstəliklər də Allah tərəfindən xüsusi yaradılaraq insanlara verilmişdir. Təkəbbürlü insan əslində nə qədər aciz olduğunu bunun sayəsində görür. Bundan əlavə, o, dünyanın çatışmazlığını, həqiqi üzünü görür.

Хəstəliklərlə yanaşı insanın üz-üzə qaldığı təhlükələrdən biri də qəzalardır. Məsələn, yol qəzaları hər gün televiziyada gördüyümüz, seyr etməyə və qəzetlərdə oxumağa vərdiş etdiyimiz hadisələrdir. İnsan bir gün onun da başına belə bir qəzanın gələcəyini ehtimal etmir. Halbuki gün ərzində insanın yolda sadə səbəblərə görə qarşılaşa biləcəyi o qədər hadisələr var ki... Yəqin ki, düz yolda yeriyərkən ayağı büdrəyib yıxılan və beyninə qan sızan insanlar haqqında eşitmisiniz. Həmçinin evinin nərdivanından düşərkən qəflətən yıxılan və ayağını sındırıb aylarla yataqdan qalxa bilməyənlər, yediyi yemək nəfəs borusunu bağladığı üçün boğulanlar haqqında da eşitmisiniz. Bunların çoxu kiçik səbəblərlə bağlıdır və hər gün minlərlə insanın başına gələ bilər.

Haqqında danışılan həqiqətləri görən insan dünyaya bağlılığının nə qədər mənasız olduğunu düşünməli, sahib olduqlarının ona əslində sınanmaq üçün müvəqqəti olaraq verildiyini dərk etməlidir. Hətta öz orqanizmində gəzən bir mikroba güc yetirməyən, qarşısındakı pilləni saya bilmədiyi üçün həyatı təhlükəyə düşən insan necə olur ki, onu yaradan Allah qarşısında öz acizliyini görə bilməyərək təkəbbür göstərir?

Əlbəttə, insanı yaradan Allahdır və onu bütün təhlükələrdən qoruyan da yalnız Odur. İnsan nə qədər təkəbbürlü olsa da Allah diləməsə, o, heç bir fayda əldə edə və ya zərərdən qoruna bilməz. Allah istəsə xəstəlik verər, istəsə insanın acizliyini göstərmək üçün onun orqanizmində müxtəlif qüsurlar yaradar.

Nəticə olaraq deyək ki, əvvəl də qeyd etdiyimiz kimi, dünya Allahın yaratdığı imtahan yeridir. Hər insan dünyada Allahı razı salacaq əməllərlə məşğul olmağa məsuldur və buna görə imtahana çəkilir. Bu sınağın sonunda Allahın əmr və qadağalarına tabe olanlar, gözəl əxlaq sahibləri əbədi olaraq cənnətdə yaşamağa layiq görüləcəklər. Təkəbbürlülükdə israr edənlər və bir neçə onillik həyatlarını axirət həyatlarından üstün tutanlar isə dünyada və axirətdə çatışmazlıqlardan, acizliklərdən və çətinliklərdən xilas olmayacaqlar.

ХƏSTƏLİK VƏ QƏZALARIN NƏTİCƏLƏRİ

Əvvəl də qeyd etdiyimiz kimi, xəstəlik və qəzalar Allahın insanları sınağa çəkmək üçün yaratdığı hadisələrdir. İman gətirmiş hər bir insan başına gələn bu hadisəyə görə dua edib Allaha yönəlir və bilir ki, onu Allahdan başqa xilas edəcək ikinci varlıq yoxdur. Belə ki, hz.İbrahim bu cəhətdən gözəl əxlaqı və səmimi duası ilə misal göstərilib. Möminlərin vəzifəsi də bu səmimiyyəti örnək kimi qəbul etməkdir. Hz.İbrahimin duası belədir:

Məni yedirdən də, içirdən də Odur! Хəstələndiyim zaman mənə yalnız O şəfa verir. Məni öldürəcək, sonra dirildəcək Odur. (Şuəra surəsi, 79-81)

Hz.Əyyub da başına gəlmiş şiddətli əzab və xəstəliyə görə Allaha sığınmış və bu davranışı ilə bütün möminlərə nümunə olmuşdur:

Bəndəmiz Əyyubu da yad et! Bir zaman o öz Rəbbinə müraciətlə belə demişdi: "Şeytan mənə bəla və əzab toxundurmuşdur! (Sad surəsi, 41)

Belə çətinliklər insanların Allaha olan bağlılığının, kamilliyinin artmasına səbəb olur, onlar üçün xeyir olur. İnkarçı insan üçün isə hər bir qəza və xəstəlik böyük bəladır. O, başına gəldiklərinin müəyyən hikmətlə yaradıldığını, axirətdə əvəzinin veriləcəyini düşünmədiyinə görə böyük əziyyət çəkir. Bundan əlavə, bu bəlanın maddi çətinliklərlə yanaşı mənəvi çətinlikləri də var. Çünki Allahı inkar edən sistemdə yaşayan insanların əsas dəyər ölçüləri maddiyyatdır. Hər hansı xəstəlik və ya qəza nəticəsində şikəst olan insan nə qədər sevilən və hörmət göstərilən bir insan olsa da əli və ayağı hərəkət etmədiyi üçün ola bilsin ki, əvvəlki "dost"larının çoxu onun yanında qalıb onunla maraqlanmasınlar.

İnkarçılar arasında gözəl bir insan gözəlliyini, güclü bir insan da gücünü itirdiyinə görə dəyəri azalır. Bunun yeganə səbəbi dindən uzaq olan cəmiyyətlərdə insanların bir-birinə maddiyyatçı dəyərlər baxımından qiymət verməsidir. Buna görə də maddi bir qüsur yarandığı zaman insanın dəyəri də yox olur.

Məsələn, şikəst qalan insanın həyat yoldaşı və ya qohumları bundan çox güman ki, çox şikayət edəcək, ətraflarına nə qədər bəxtsiz olduqlarını deyəcəklər. Bəzisi özünün gənc olduğunu vurğulayacaq, bu yaşda buna layiq olmadığını, "həyatının bahar çağında" başına gələnlərdən kədərlə danışacaq. Bunun nəticəsində də xəstəyə kifayət qədər maraq göstərməməsi ilə bağlı ətrafındakıların ona haqq qazandırmasını istəyəcək. Bəzi insanlar da onlara qalsa, xəstə insanı həmin anda tərk edib getmək istədikləri halda, yalnız cəmiyyət tərəfindən qınanacağı və ayıb sayılacağına görə bunu edə bilməyəcəklər. Хəstə insana sağlam olduğu vaxt verilən sədaqət və vəfa sözlərini indi eqoist, xudbin və mənfəətcil düşüncə və sözlər əvəz etmişdir.

Sədaqət və vəfanın çox qısamüddətli olduğu belə bir sistemdə baş verən hadisələrə təəccüb etmək əslində lazım deyil. Çünki insanları yalnız maddi ölçülərlə qiymətləndirən və ən əsası da qəlbində Allah qorxusu olmayan insandan sədaqət gözləmək mümkün deyil. Əməllərinin müqabilində cəza görəcəyinə inanmayan insanın müsbət əməl sahibi olması onun elə öz yanlış məntiqinə görə, "axmaqlıqdır". Çünki cahil cəmiyyətə görə, bir neçə onillik içində ölümlə birlikdə əbədi yox olacağına inanan insana fədakarlıq edib sədaqət göstərməyin mənası yoxdur. Onsuz da hər ikisi qısa müddət yaşayıb yox olacaqlarına inanır, bu halda elə öz mənfəətlərini güdməyə üstünlük verirlər.

Halbuki müsəlmanlar arasında vəziyyət belə deyil. Allaha iman gətirən, Onun qarşısında acizliyini bilən və Ondan qorxan insanlar bir-birini də Allahın əmr etdiyi şəkildə dəyərləndirirlər. Bir insanın ən əsas xüsusiyyəti onun təqvası, yəni Allah qarşısındakı qorxusu, hörməti və buna görə sahib olduğu xeyirxahlıq və gözəl əxlaqdır. Əgər bir insan bu xüsusiyyətlərə malikdirsə, o, dünyada bəzi fiziki qüsurları olsa da axirətdə əbədi olaraq gözəlliklər içində yaşayacaq. Bu, Allahın insanlara olan vədidir və bunu bilən möminlər də bir-birinin çatışmazlıqlarını, qüsurlarını şəfqətlə qarşılayır, olduqca sədaqətli və vəfalı olurlar.

Beləliklə, bu böyük fərq cahil cəmiyyətin inkarçılara olan cəzasıdır. Eyni zamanda Allahın Onu inkar edənlərə dünyada verdiyi böyük bəladır. Dünyada öz istəyi ilə yaşayıb əməllərinin əvəzini almayacağını güman edən insan axirətdə böyük çaşqınlıq və heyrət içində olacaq. Dünyada göstərdiyi əzazillik, vəfasızlıq, sədaqətsizlik və buna bənzər bütün mənfi xüsusiyyətlərinə görə bir-bir hesaba çəkiləcək. Allah insanların dünyadakı çirkin əməllərinin onların əleyhinə olacağını belə bildirir:

Küfr edənlər onlara verdiyimiz möhləti heç də özləri üçün xeyirli sanmasınlar! Bizim onlara verdiyimiz möhlət ancaq günahlarını daha da artırmaları üçündür. Onlar zəliledici bir əzab görəcəklər! (Ali-İmran surəsi, 178)

QOCALIQ

Zamanın dəyişdirici təsiri hər şeydə özünü göstərir. Ən son model avtomobil bir neçə il ərzində cızılır, zədələnir və təbii olaraq köhnəlir. Ən çox bəyənilən ev 5-10 il sonra (əgər qayğısına qalınmasa) boyaları tökülmüş köhnə görünüşlü bir yerə çevrilir. Lakin bütün bunlarla yanaşı insan ən böyük dəyişikliyə öz orqanizmində şahid olur. İnsanın çox böyük qiymət verdiyi orqanizmi illərin keçməsi ilə bərpaedilməz şəkildə mənfi dəyişikliklərə məruz qalır. İnsanın müəyyən müddət ərzində keçirdiyi bu dəyişiklik Quranda belə bildirilir:

Sizi zəif bir şeydən yaradan, gücsüzlükdən sonra qüvvətli edən, qüvvətli olduqdan sonra taqətsiz edən Allahdır. O, istədiyini yaradır. O, Biləndir, Qadirdir! (Rum surəsi, 54)

Qocalıq çox vaxt insanların düşünmək istəmədiyi dövrdür. İnsanlar bəzi fiziki acizliklərlə keçirəcəkləri yaşlılıq dövrünü bacardıqları qədər ağıllarına gətirməməyə çalışırlar. Bəzən bu dövr haqqında söhbət edildikdə qorxuya və narahatlığa qapılır, lakin bir müddət sonra bunları yaddan çıxararaq yenidən öz həyatlarını davam etdirirlər. Onların yaşlanacaqlarını təsəvvür etmək istəməməsinin əsas səbəbi bu düşüncənin həyatda əbədi qalmayacaqlarını onlara xatırlatmasıdır. Buna görə dəqarşılaşacaqları qaçılmaz olan bu dövr barədə çox az düşünürlər. Qarşılarında hələ uzun zaman olduğunu, qocalmanın və ölümün çox uzaq olduğunu güman edirlər. Quranda insanların belə bir səhv düşüncəsi açıq göstərilmişdir:

Doğrusu, biz bununla və atalarına ömürləri uzanıncaya qədər gün-güzəran verdik... (Ənbiya surəsi, 44)

Bu insanlar çox böyük səhv edirlər. Çünki hər yetkin insan neçə yaşında olursa olsun, geriyə baxdığı zaman ağlında müəyyən xatirələrin olduğunu görəcək. Uşaqlıq və gənclik illərində başına gələn mənfi və müsbət hadisələri, onu həyəcanlandıran şeyləri, qəbul etdiyi mühüm qərarları, ehtirası sayəsində nail olmaq üçün illərini sərf etdiyi məqsədləri sonradan çətinliklə yada salanda bunlar onun üçün yalnız bir xatirədir. Buna görə də çox vaxt "uzun ömrünü" izah etmək üçün ən çoxu bir neçə saat lazım gəlir.

Yalnız bir neçə saniyə düşünməklə dərk edilə biləcək bu həqiqət hansı dövrdə olursa olsun, insanı qəti qərara gəlməyə sövq etməlidir. Məsələn, əgər 40 yaşında olan bir insan 65 yaşına qədər yaşamaq istəyirsə, o, bilməlidir ki, qarşısındakı 25 il keçirdiyi 40 il qədər tez keçəcək. Hətta həmin insan 90 yaşına qədər də yaşasa, vəziyyət dəyişməyəcək. Çünki qarşıdakı illər uzun və ya qısa olmasından asılı olmayaraq sonda bitəcək. Beləliklə, bu məqamda insanın qocalması dünyanın müvəqqəti məkan olmasının ən böyük əlamətlərindən biridir. İnsan nə edirsə etsin, bir daha geri qayıtmayaraq, bu dünyadan mütləq ayrılacaq.

Belə olan halda insan mənfi mülahizələrini bir kənara qoyub öz həyatı haqqında daha doğru düşünməlidir. Zaman çox sürətlə keçir və hər keçən gün insanı daha gənc və enerjili quruluşa deyil, ayədə də bildirildiyi kimi, zəifliyə sürükləyir. Qısası, qocalıq insanın acizliyinin mühüm göstəricisidir. Ötüb keçən illərin insanın orqanizminə və zehninə göstərdiyi mənfi təsirlər açıq həqiqətdir. Quranda insanın qocalmaqla birlikdə acizliyindən belə bəhs edilir:

Allah sizi yaratmışdır, sonra da öldürəcəkdir. Sizin bir qisminiz ömrün ən rəzil (ixtiyar) çağına çatdırılar ki, bildiyi hər şeyi unudar. Həqiqətən, Allah Biləndir, Qadirdir! (Nəhl surəsi, 70)

Qocalığa tibbi dildə "ikinci uşaqlıq dövrü" də deyilir. Çünki orqanizmdə meydana gələn mənfi hallar insanı uşaq kimi qayğıya və qorunmağa möhtac edir. Belə ki, bu yaşlarda insanda fiziki və ruhi baxımdan uşaqlıq dövrünə aid xüsusiyyətlər yaranır. İnsan gənc olduğu zaman fiziki baxımdan rahatlıqla gücünün çatdığı bir çox işi qocalıqda yerinə yetirə bilmir və ya gənc olduğu zaman çox güclü yaddaşa malik olan insan qocalanda hafizəsində geriləmə baş verir. Bu nümunələr hər bir mövzu üçün çoxaldıla bilər. Nəticə budur ki, müəyyən yaşdan sonra hər insanda rast gəlinən fiziki və zehni gerilik bir növ uşaqlıq halına geri dönməkdir.

Qısası, insan həyatına uşaq kimi başlayır və bir müddət sonra yenidən uşaqlığa dönərək həyatına son qoyur. Allah diləsəydi, insanı ömrünün sonuna qədər gənc saxlayar, orqanizmində heç bir qüsur və xəstəlik yaratmazdı. Lakin Allah yaşlılıq dövründə insanda bəzi çatışmazlıqlar yaradaraq ona dünyanın müvəqqəti olduğunu bir daha xatırladır. Eyni zamanda dünyada olan nöqsanları göstərərək insanın axirətə, yəni həqiqi məskən olan cənnətə olan istəyini də artırır.

Bu dünyanın müvəqqəti olması və insanın qocalmasında müəyyən bir hikmətin olması aşağıdakı ayədə aydın ifadə edilir:

Ey insanlar! Öləndən sonra yenidən diriləcəyinizə şübhəniz varsa ilk yaradılışınızı yada salın. Həqiqətən, biz sizi torpaqdan, sonra mənidən, sonra laxtalanmış qandan, daha sonra müəyyən, tam bir şəklə düşmüş və düşməmiş bir parça ətdən yaratdıq ki, sizə göstərək. İstədiyimizi ana bətnində müəyyən bir müddət saxlayar, sonra sizi uşaq olaraq çıxardarıq. Sonra yetkinlik çağına yetişəsiniz deyə sizi böyüdərik. Kiminiz vəfat edər, kiminiz də ömrün elə bir rəzil çağına çatdırılar ki, vaxtilə bildiyini bilməz olar. Sən yer üzünü qupquru görərsən. Biz ona yağmur endirdiyimiz zaman o, hərəkətə gəlib qabarar və hər növ gözəl bar gətirər. (Həcc surəsi, 5)

QOCALIQLABAĞLI FİZİKİ QÜSURLAR

Varlı, məşhur və ya güclü olmasından asılı olmayaraq heç bir insan onu qarşıda gözləyən və aşağıda bəhs edəcəyimiz fiziki qüsurlardan xilas ola bilməz.

Dəri insanın gözəlliyində ən mühüm faktorlardan biridir. Bədəndən təxminən bir millimetrlik toxuma götürülsə, altından estetik baxımdan heç də xoş görünməyən mənzərə ortaya çıxar. Belə ki, yaranan mənzərəyə baxmaq da olmaz. Çünki dəri qoruyucu funksiyası ilə yanaşı bədənəhamar görünüş verdiyi üçün estetik baxımdan mühüm funksiya da daşıyır. Belə olduğu halda insanın öyündüyü, özünü ətrafdakılara nümayiş etdirmək xüsusiyyəti bütün orqanizmini əhatə edən təxminən 2 kq-lıq dəridir deyə bilərik. Lakin ən hikmətlisi odur ki, qocalıq özünü ən çox dəridə büruzə verir.

Yaşlandıqca dərinin elastikliyi azalır. Dəri incəlir və alt təbəqələrdəki quruluşu, insanın skeletini əmələ gətirən əsaszüllaları həssaslaşıb çökdüyü üçün sallanır. Qocalan hər insanın ən çox qorxu ilə gözlədiyi üzdəki qırışlar və xətlər bu səbəbdən yaranır. Dərinin üst təbəqəsində daim yağ təbəqəsi yaradan və ona təbii yumşaqlıq verən toxuma ifrazının azalmasına görə qabığın soyulması baş verir. Hədsiz soyulma və tökülmə nəticəsində dərinin keçiricilik qabiliyyəti artır və xarici təsirlərin dəridən keçidi asanlaşır. Bununla bağlı olaraq da yaşlılıq qaşınması, dırnaq yaraları, yuxusuzluq və s. meydana gəlir. Eynilə alt dəridə də mənfi hallar yaranır. Yaşlı insanlarda dəri toxumalarında yeniləşmə və maddələr mübadiləsi mexanizmləri olduqca əhəmiyyətli ölçüdə pozulur. Buna görə də insanların yaşlı dövrlərində bədxassəli şişlərə tez-tez rast gəlinir.

İnsan bədəni üçün sümüklərin sağlam olması da əhəmiyyətlidir. Düz dayanmaq gənc insan üçün çox asan olduğu halda, yaşlılıq dövründə bu, fiziki cəhətdən mümkün deyil. Qocaldıqca onurğada meydana gələ təbii əyilmə nəticəsində qozbellik yaranır. Bu, gənclikdə olan hər cür təkəbbürün bir kənara qoyulması deməkdir. Ayaq üstdə dayanma gücünə malik olmayan insanda başqa insanlara qarşı heç bir üstünlük hissi təbii ki, ola bilməz. Özü istəməsə də artıq acizliyini ətrafında olan insanlardan gizlədə bilmir.

Yaşlı insanların həmçinin sinir hüceyrələrində yeniləşmə olmadığı üçün bütün hissiyyat orqanlarında müəyyən həssaslıq itkisi baş verir. Qocaldıqca görmə qabiliyyəti azalır. Rənglərin aydınlığı, cisimlərin forması, yerləri və uzaqlığı bulanıq şəkildə görünür. Çox mühüm olan görmə aydınlığı get-gedə pozulur. Bu, qocalar üçün ən çətin hallardan biridir.

Şübhəsiz ki, insanın qocalıq dövründə fiziki və mənəvi baxımdan bir çox itkilər olması üzərində düşünülməli olan mövzulardandır. Əvvəl də qeyd etdiyimiz kimi, Allah diləsəydi, bütün bu çatışmazlıqların heç birini insana verməzdi: insan doğulduqdan sonra böyüyür, inkişaf edir, hətta vaxt keçdikcə bütün orqanları, qabiliyyətləri daha da qüvvətlənə bilərdi. Dünyada keçirdiyi illər insanın sağlığına sağlıq, gücünə güc qatardı. Vərdiş olunmayan bir hal olsa da əlbəttə ki, həyatın insanı qocaldan deyil, yeniləyən, inkişaf etdirən xüsusiyyətinin olması mümkün ola bilərdi. Lakin Allahın müəyyən hikmətlə insanlar üçün yaratdığı sistem qocalmağa, zəifləməyə məhkumdur. Dünyada olan hər şey kimi insan orqanizmi də tədricən süquta uğrayır.

Beləliklə, insan dünyanın müvəqqəti olduğunu və özünə faydalı olmadığını bir daha görür. Bütün bu acizliklərdən aydın olur ki, əbədi axirət yanında bu dünyanın heç bir faydası yoxdur. Belə ki, Allah Quranda bu həqiqətə dəfələrlə diqqət çəkmiş və dünyanın müvəqqəti xüsusiyyətlərlə zəngin olduğunu ayələrində xəbər vermişdir. İnsanlara da bu hal üzərində düşünmələrini və bundan lazımi öyüd almağı əmr etmişdir:

Həqiqətən, dünya həyatı göydən endirdiyimiz yağmura bənzər ki, onunla yer üzündə insanların və heyvanların yeyəcəyi bitkilər yetişib bir-birinə qatışar. Nəhayət, yer üzü bəzəklənib süsləndiyi və sakinləri də yığmağa qadir olduqlarını zənn etdikləri vaxt gecə, yaxud gündüz əmrimiz gələr və biz onu, dünən üzərində bol məhsul olmamış kimi, biçilmiş bir hala gətirərik. Biz ayələrimizi düşünən bir ümmət üçün belə ətraflı izah edirik! (Yunus surəsi, 24)

Bura qədər qeyd olunanlardan da gördüyümüz kimi, insan doğulur və inkişaf edərək müəyyən yaşa çatır. Ən güclüdövründə bütün bədəninin ona aid olduğuna tam əmin olur və özünü bütün dünyanın dayaq nöqtəsi hesab edir. Lakin bir müddət sonra gücü və gözəlliyi qocalmaqla birlikdə qəflətən yox olmağa başlayır və özü də bu zaman heç bir şey edə bilmir. Çünki Allah dünyanı müvəqqəti olaraq yaratmışdır. Allah insanı ona həqiqi məskən olan axirəti xatırladacaq, bu məskənə hazırlıq görməsini təmin edəcək acizliklə birlikdə yaratmışdır.

QOCALIĞIN İBRƏTAMİZ NÜMUNƏLƏRİ

Qocalıq yer üzündə olan hər insanın başına gələcək hadisədir. Lakin varlı, məşhur və ya gözəl insanların qocalması insanları ibrət alma baxımından daha çox təsirləndirir. Cahil cəmiyyətdə pulu, şöhrəti və ya gözəlliyi ilə tanınan insanların qocalığı və acizliyi dünyanın qısa olmasını və dəyərsizliyini göstərən ən böyük rəmzlərdən biridir.

Ətrafımızda bunun kimi başqa nümunələri də görə bilərik. Bir zaman fiziki gözəlliyi, gücü ilə şöhrət qazanan, çox zəkalı və tanınmış insanları bir gün televizor və qəzetlərdə zehni və fiziki gücünü itirmiş halda görmək olar. Əlbəttə ki, bütün insanlar danışdığımız bu vəziyyətə düşə bilər, lakin yuxarıda da qeyd etdiyimiz kimi, bütün dünya tərəfindən tanınmış, heyranlıqla seyr edilmiş insanların qocalıq dövrləri insanlara istər-istəməz daha çox təsir göstərir. Sonrakı səhifələrdə belə insanlardan nümunələr verəcəyik. Görəcəyik ki, nə qədər gənc, məşhur və gözəl olursa olsun, hər bir insanın qarşılaşacağı aqibət qocalıqdır.

İNSANIN ÖLÜMÜ

Ötüb keçən hər gün ölümə bir qədər də yaxınlaşdığınızın fərqindəsinizmi? Ölümün başqa insanlar kimi sizə də daha yaxın olduğunu bilirsinizmi?

"Hər kəs ölümü dadacaqdır. Sonra da hüzurumuza qaytarılacaqsınız" (Ənkəbut surəsi, 57) ayəsində də bildirildiyi kimi, dünyada bu vaxta qədər yaşamış, hal-hazırda yaşayan və bundan sonra yaşayacaq hər insan ölümlə qarşılaşacaq. Lakin bu danılmaz həqiqətə baxmayaraq, insanlar özlərini ölümdən nədənsə çox uzaq görürlər.

Dünyaya ilk dəfə gözlərini açan və gözlərini son dəfə yuman iki insanı təsəvvür edin. Nə yeni doğulmuş körpə buna müdaxilə edə bilir, nə də ölən insan. Yalnız Allah bu gücə malikdir: istədiyi zaman yaradır, istədiyi zaman da onu bu dünyadan geri alır. Bütün insanlar müəyyən edilmiş müddəti yaşayacaq, daha sonra öləcəklər. Quranda bu həqiqət belə bildirilmişdir:

De: "Qaçdığınız ölüm sizi mütləq yaxalayacaqdır. Sonra siz gizlini də, aşkarı da bilənin hüzuruna qaytarılacaqsınız. O da sizə nələr etdiyinizi xəbər verəcəkdir! (Cumuə surəsi, 8)

Bir çox insanlar ölüm haqqında düşünmək istəmir, eyni zamanda gündəlik işləri də onu tamamilə başqa şeylər haqqında düşünməyə sövq edir. Hansı məktəbdə oxuyacağı, hansı işdə işləyəcəyi, nə geyinib nə yeyəcəyi onun üçün daha vacibdir. Çünki həyatın yalnız bunlardan ibarət olduğunu düşünür. Ölüm haqqında danışıldıqda isə "ağzını xeyirliyə aç" kimi mənasız və ölümün qarşısını almağa gücü çatmayan bəsit sözlərin arxasında gizlənirlər. Özünün öləcəyini, ən azı 50-60 il yaşayacağını hesablayır, gənc yaşlarında bu cür "kədərli" mövzulardan bəhs etmək istəmir. Halbuki hətta bir saniyə sonra həyatda olub-olmayacağına əmin deyil. Hər gün televiziya və qəzetlərdə ölümlə bağlı bir çox xəbər yer alır, yaxınlarının ölümünə şahidolur, lakin bir gün başqalarının onun ölümünə şahid olacağını, onu da belə bir günün gözlədiyini ağlına belə gətirmir.

Halbuki ölüm insana gəldiyi zaman dünya ilə bağlı hər bir "həqiqəti" alt-üst edir, sizdən sonra heç bir şey qalmır. Hal-hazırki vəziyyətinizi, gözlərinizin açılıb-bağlanmasını, orqanizminizin hərəkət etməsini, danışa bilməyinizi, gülə bilməyinizi, yəni bütün funksiyalarınızı təsəvvürünüzə gətirin. Sonra da gözünüz önündə ölüm zamanı nə vəziyyətdə olacağınızı canlandırın...

Tamamilə hərəkətsiz halda, ətrafınızda baş verənlərdən xəbərsiz vəziyyətdə yatacaqsınız. Bədəniniz başqa insanlar tərəfindən daşınacaq və bir "ət parçası" kimi qəbul ediləcəksiniz. Tabutunuz qoyulan məzar qazıldığı zaman siz qüslxanada yuyulacaqsınız. Sizi ağ kəfənə bürüyəcəklər. Taxta tabuta qoyulacaqsınız. Məsciddəki işlər bitdikdən sonra qəbristanlığa gedəcəklər, orada üzərində sizin adınızın, doğum və ölüm tarixinizin olduğu bir daş olacaq. Kəfənlə birlikdə sizin üçün qazılmış məzara qoyulacaqsınız. Üstünüzə taxta qoyulacaq, sonra isə torpaq töküləcək. Torpaq sizin üzərinizi tam örtdükdən sonra bu iş bitmiş olacaq.

Məzarınızı ziyarət edənlər çox olduğu halda, sonralar ildə bir dəfə olacaq, get-gedə isə heç olmayacaq. Üstəlik sizin bu ziyarətlərdən heç xəbəriniz də olmayacaq.

İllərlə istifadə etdiyiniz otağınız və yatağınız boş qalacaq. Cənazəniz götürüldükdən bir müddət sonra evinizdə sizə aid olan əşyalar başqalarına paylanacaq. Yaxınlarınız müvafiq idarələrə gedərək sizin öldüyünüzü və qeydiyyatınızın silinməsinin lazım olduğunu bildirəcəklər. Bəlkə də ilk əvvəllər xatırlanacaqsınız, sizin arxanızca bir neçə insan ağlayacaq. Lakin zamanın unutdurucu təsiri sonrakı illərdə getdikcə artacaq. Bir neçə onilliklər sonra isə "böyük ömür" yaşadığınız dünyada sizi xatırlayan olmayacaq. Lakin sonradan sizin qoyub getdiyiniz ailəniz və tanışlarınız da bu dünyadan ayrılacağı üçün xatırlanıb-xatırlanmamaq böyük bir məna ifadə etməyəcək.

Dünyada bütün bunlar baş verərkən sizi cəsədiniz torpaq altında yavaş-yavaş parçalanmağa başlayacaq. Torpağa qoyulduqdan dərhal sonra həşəratlar və bakteriyalar hərəkətə keçəcək. Qarında toplanmış qazlar cəsədi şişirdəcək və bu şişlik bədənin hər bir tərəfinə yayılaraq bədəni tanınmaz hala gətirəcək. Bundan sonra qazın və diafraqmanın təzyiqi nəticəsində ağız və burnunuzdan qanlı köpüklər gəlməyə başlayacaq. Çürümə davam etdikcə tüklər, dırnaqlar, ovucun içləri və dabanlar yerindən ayrilacaq. Bu xarici dəyişikliklərlə yanaşı daxili orqanlarda da çürümə baş verəcək. Ən qorxulu vəziyyət isə bu yerdə olacaq: qarın nahiyəsində toplanan qazlar dərini zəif yerindən partladacaq və bədəndən dözülməz dərəcədə pis qoxular yayılacaq. Müəyyən müddət ərzində başınızdan tutmuş əzələlərinizə qədər hər şey yerindən ayrılacaq. Dəri və yumşaq hissələr tamamilə töküləcək. Beyin tamamilə çürüyəcək və tük kimi olacaq, sümüklər bağlarından ayrılacaq və skelet dağılmağa başlayacaq... Bu proses bədəniniz bir torpaq və sümük yığını vəziyyətinə gələnə qədər davam edəcək.

Artıq əvvəlki vəziyyətə qayıtmaq qeyri-mümkün olacaq. Ailə ilə görüşmə, dostlarla görüşüb əylənmə, ən yüksək yerə çıxmaq şansı da olmayacaq. Artıq bədən məzarda çürüyərək skelet halına gələcək.

Qısası, onunla birlikdə olduğunuz, "mən" adlandırdığınız bədən olduqca dəhşətli bir vəziyyətdə yox olub gedəcək. Siz, yəni həqiqətdə bir ruh olan sizlər bu bədəni çoxdan tərk edəcəksiniz, yerdə qalan bədən isə iyrənc bir şəkildə itib gedəcək.

Bəs bütün bunların səbəbi nədir?

Allah diləsəydi, insan bədənini bu vəziyyətə gətirməyə bilərdi. Lakin bunun çox böyük mənası var.

İnsan ilk öncə əslində özünün bədəndən ibarət olmadığını, bədənin yalnız müvəqqəti bir örtük olduğunu, bu qorxunc aqibəti dərk etməli, bədənin arxasında bir varlıq olduğunu hiss etməlidir. Həmçinin insan bədəninin ölümünə diqqət yetirməli, dünyaya əbədi bir hisslə bağlandığı və bütün arzularına boyun əyən bədəninin aqibəti haqqında düşünməlidir. O bədən bir gün mütləq torpaq altında çürüyəcək, qurd salacaq və skeletə çevriləcək. O gün bəlkə də uzaq deyil, bir addımlıqdadır...

Qeyd olunan bütün bu həqiqətlərə baxmayaraq, insanın ruhunda sevilməyən, istənməyən şeyləri düşünməmək, yox hesab etmək kimi bir xüsusiyyət var. Bu hal ölümdən bəhs edildiyi zaman daha aydın görünür. Yuxarıda da qeyd etdiyimiz kimi, ölüm ancaq bir yaxın insan itirildiyi zaman və ya birinin ölümünün ildönümündə xatırlanır. Demək olar ki, hamı ölümü özündən uzaq hesab edir. Sanki yolda gedərkən, yataqda yatarkən ölənlər ondan fərqlidir. Yoxsa o, "çox gəncdir", hələ "uzun illər" yaşayacaq? Belə ki, evindən məktəbə getmək üçün yola çıxdığı və ya mühüm bir toplantıya çatmağa çalışdığı zaman yol qəzasına uğrayan insan da, heç gözləmədiyi bir vaxtda xəstəlik səbəbilə ölən bir insan da əvvəlcə belə düşünə bilər. Bir gün əvvəl dünyada yaşadıqları halda o biri gün qəzetlərdə ölüm xəbərlərinin çıxacağını ağıllarına belə gətirmirlər.

Qəribəsi budur ki, siz bu sətirləri oxuduqdan qısa bir müddət sonra ölmə ehtimalınızın olmasına inanmayacaqsınız. Hələ ediləcək işlərin irəlidə olması fikrinə görə, sizin ölümünüzün çox tez və vaxtsız olduğunu düşünürsünüz. Halbuki bu, bir bəhanədir və Allah bunun bir fayda verməyəcəyini belə bildirmişdir:

De: "Əgər ölməkdən, yaxud öldürülməkdən qaçarsınızsa, qaçmaq sizə heç bir fayda verməz. Ancaq az bir müddət dolanıb-keçinərsiniz. (Əhzab surəsi, 16)

İnsan bilməlidir ki, o bu dünyaya "çılpaq" şəkildə gəlib və buradan da "çılpaq" şəkildə gedəcək. Lakin insan doğulduqdan dərhal sonra ehtiyaclarını ödəmək üçün ona verilən nemətlərdən cahilcəsinə möhkəm-möhkəm yapışır, onları əlində saxlamağı həyatının ən mühüm məqsədi halına gətirir. Halbuki heç bir insan mal-mülkünü öldükdən sonra özü ilə yanına apara bilməz. Nəticədə bədən bir neçə metrlik bir bezlə sarılaraq dəfn edilir. İnsan bu qısa dünyaya "çılpaq" gəlir, "çılpaq" da gedir. Onunla axirətə gedən yeganə şey Allaha olan inamı və ya inamsızlığıdır.

 
   
 

 

© 2012 www.dunyaheyati.com

Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə müəllif hüququ ödəmədən isifadə edə bilərsəniz.